İqtisadiyyat Özəl

Qohumun kreditinə görə sizə zəng edirlərsə nə etmək lazımdır? — Açıqlama

Qohumun kreditinə görə sizə zəng edirlərsə nə etmək lazımdır? — Açıqlama

Bankların kredit borcuna görə üçüncü şəxslərlə, xüsusilə də borcalanın razılığı olmadan qohumları ilə əlaqə saxlaması son illər ciddi müzakirə olunan məsələdir. Mütəxəssislər bildirirlər ki, bu cür praktika həm şəxsi məlumatların qorunması prinsiplərini poza, həm də vətəndaşların hüquqlarına müdaxilə kimi qiymətləndirilə bilər. Bu səbəbdən bəzi hallarda banklar və ya kredit təşkilatları inzibati məsuliyyətə cəlb olunur.

Mövzu ilə bağlı hüquqşünas Əkrəm Həsənov Demokrat.az-a bildirib ki, bu məsələdə bəzi nüanslar var:

Qohumun kreditinə görə sizə zəng edirlərsə nə etmək lazımdır? — Açıqlama

“Əgər vətəndaş özü qohumlarının ad və telefon nömrələrini təqdim edibsə, bankın həmin şəxslərlə əlaqə saxlaması bank sirrinin pozulması hesab olunmur. Çünki məlumat vətəndaşın öz razılığı ilə verilib. Lakin bankın zəng etdiyi şəxslər “bir daha bizə zəng etməyin”, “bizi narahat etməyin” deyə etiraz edərlərsə, bundan sonra bankın həmin şəxslərlə əlaqə saxlaması yolverilməz sayılır. Əgər buna baxmayaraq zənglər davam edərsə, həmin şəxslər bankdan şikayət edə və narahat edilmələri ilə bağlı hüquqi addım ata bilərlər. Əgər vətəndaş özü bu məlumatları təqdim etməyibsə və bank qohumlarının əlaqə nömrələrini başqa yollarla əldə edib onlarla əlaqə saxlayıbsa, bu artıq bank sirrinin pozulması hesab olunur. Çünki müştərinin razılığı olmadan onun məlumatları üçüncü şəxslərə açıqlana bilməz. Bu halda vətəndaş bankı məhkəməyə verərək ona vurulmuş mənəvi zərərin ödənilməsini tələb edə bilər”.

Beləliklə, bankların borclunun icazəsi olmadan qohumlarla əlaqə saxlaması və ya etiraza baxmayaraq zəngləri davam etdirməsi məhkəmə müstəvisində mənəvi zərər təzminatı ilə nəticələnə bilər.

Leyla Turan

D
demokrat.az