Süni intellekt texnologiyalarının inkişafı gündəlik həyatın demək olar ki, bütün sahələrinə nüfuz edib. Texnologiyanın sürətli inkişafı cəmiyyətdə müəyyən narahatlıqlar da yaradır. Digər tərəfdən isə süni intellektin insan əməyini tam əvəz edib-etməyəcəyi, yeni peşələrin yaranmasına və ya bəzi peşələrin sıradan çıxmasına necə təsir göstərəcəyi də geniş müzakirə olunan mövzulardandır.
Maraqlıdır, qarşıdakı illərdə süni intellektin inkişafı həyatımıza hazırda təsəvvür etmədiyimiz hansı yenilikləri və riskləri gətirə bilər?
Demokrat.az-a bu barədə açıqlam verən süni intellekt mütəxəssisi Abdulla Abdullayev gələcək illərdə süni intellektin sadəcə suallara cavab verən alət olmaqdan çıxaraq bizim adımızdan müəyyən işləri həyata keçirən rəqəmsal köməkçilərə çevriləcəyini deyib:
“İş prosesləri, təhsil, səhiyyə və gündəlik qərarvermə daha çox fərdiləşəcək. Eyni zamanda ciddi risklər artıq görünməyə başlayıb. “Deepfake”, dezinformasiya, şəxsi məlumatların təhlükəsizliyi və insanların süni intellektdən həddindən artıq asılılığı əsas problemlərdən olacaq. Hətta gələcəkdə internetdə gördüyümüz və eşitdiyimiz məlumatın real olub-olmadığını müəyyən etmək daha çətinləşə bilər”.
Mütəxəssis qeyd edib ki, əsas məsələ süni intellektin inkişaf edib-etməməsi deyil:
“Bu inkişaf artıq qaçılmazdır. Əsas sual insanların və dövlətlərin bu texnologiyaya nə qədər sürətli, düzgün və təhlükəsiz uyğunlaşacağıdır”.
Qeyd edək ki, araşdırmalara əsasən, yaxın gələcəkdə süni intellekt təkcə verilən tapşırıqları yerinə yetirməyəcək, həm də istifadəçinin vərdişlərini öyrənərək ehtiyaclarını əvvəlcədən proqnozlaşdıra biləcək. Məsələn, rəqəmsal köməkçi siz xatırlatmadan görüşləri planlaşdıra, səyahət sifarişlərini həyata keçirə, hətta gündəlik işlərinizi prioritetləşdirə biləcək. Bu isə süni intellektin “əmr alan alət”dən “müstəqil qərar dəstəyi verən agent”ə çevrilməsi istiqamətində inkişaf etdiyini göstərir.


