İqtisadiyyat Özəl

Azərbaycan üçün həm gəlir, həm də böyük risk... — Açıqlama

Azərbaycan üçün həm gəlir, həm də böyük risk... — Açıqlama

"Hörmüz boğazı ətrafında gərginliyin artması ilk növbədə neft bazarında tranzit risk faktorunu yüksəldir".

Bunu Demokrat.az-a açıqlamasında iqtisadçı Aslan Əzimzadə deyib.

Onun sözlərinə görə, Hörmüz boğazı dünya enerji daşımalarının ən strateji marşrutlarından biridir və buradan keçən neft və mayeləşdirilmiş təbii qaz həcmlərində yaranacaq fasilə qlobal təklifə ciddi təsir göstərə bilər.

Azərbaycan üçün həm gəlir, həm də böyük risk... — Açıqlama

"Son gərginlik fonunda Brent markalı neftin qiymətinin yüksəlməsi də bazarın bu riskə həssas reaksiya verdiyini göstərir. Lakin qiymətlərin uzunmüddətli yüksək səviyyədə qalması yalnız siyasi bəyanatlardan deyil, real neft tədarükünün nə dərəcədə pozulacağından asılı olacaq. Əgər boğazda gəmi hərəkəti məhdudlaşarsa, tankerlərə hücumlar davam edərsə və ya ixrac infrastrukturu zərər görərsə, neft qiymətlərinin yüksəlişi daha davamlı xarakter ala bilər. Əksinə, diplomatik razılaşma əldə edilərsə və daşımalar bərpa olunarsa, hazırkı bahalaşmanın mühüm hissəsi müvəqqəti reaksiya kimi geri çəkilə bilər.

İyun ayında daşımaların bərpası barədə xəbərlərdən sonra qiymətlərin zəifləməsi də əslində bunu göstərmişdi. Azərbaycan neft ixrac edən ölkə olduğuna görə qiymət artımından qısamüddətli dövrdə əlavə valyuta və büdcə gəlirləri əldə edə bilər. Bu, tədiyə balansına, Dövlət Neft Fondunun gəlirlərinə və manatın sabitliyinə müsbət təsir göstərə bilər. Bununla belə, yüksək neft qiymətləri Azərbaycan iqtisadiyyatı üçün yalnız üstünlük deyil, müəyyən risklər də yaradır. Əsas risk qlobal inflyasiyanın sürətlənməsi, nəqliyyat və logistika xərclərinin artması, idxal olunan malların bahalaşmasıdır. Azərbaycan bir çox istehlak və istehsal məhsullarını idxal etdiyindən xarici qiymət artımları daxili bazara ötürülə bilər. Digər tərəfdən, dünya iqtisadiyyatının artımının zəifləməsi Azərbaycanın qeyri-neft ixracına, tranzit daşımalarına və investisiya fəallığına mənfi təsir göstərə bilər.

Neftdən əldə olunan əlavə gəlirlər hesabına dövlət xərclərinin həddindən artıq artması iqtisadiyyatın yenidən neft gəlirlərindən asılılığını müəyyən mənada artıra bilər. Buna görə də əlavə gəlirlərin cari istehlaka deyil, ehtiyatların artırılmasına, iqtisadiyyatın diversifikasiyasına, insan kapitalına və qeyri-neft sektorunun inkişafına yönəldilməsi daha məqsədəuyğundur.

Ümumilikdə hesab edirəm ki, hazırkı qiymət artımının davamlılığı Hörmüz boğazında faktiki tədarük itkilərinin miqyasından asılıdır".

Azərbaycan üçün yüksək neft qiymətləri qısamüddətli maliyyə üstünlüyü yaratsa da, uzunmüddətli baxımdan inflyasiya, idxal xərcləri, qlobal iqtisadi zəifləmə kimi riskləri də səciyyələndirə bilər", – deyə Aslan Əzimzadə fikrini yekunlaşdırıb.

Nuray Paşşanlı

D
demokrat.az