Mənzil kirayəsi ilə bağlı sosial şəbəkələrdə yayılan bəzi elanlar cəmiyyətdə müzakirələrə səbəb olub. Belə ki, paylaşılan görüntülərdə kirayə mənzil elanlarından birində ev sahibinin mənzili qazilərə, veteranlara və gənclərə vermədiyi qeyd olunub. Elanda yer alan bu məhdudiyyət istifadəçilər arasında birmənalı qarşılanmayıb, müxtəlif müzakirələrə və etirazlara səbəb olub.
Bəzi ev sahibləri kirayə mənzilləri niyə müəyyən şəxslərə, xüsusilə də subaylara verməkdən çəkinirlər?Bu yanaşmanın əsas səbəbləri nələrdir və praktikada ən çox hansı kateqoriyadan olan şəxslər kirayə mənzil tapmaqda çətinliklə üzləşirlər?
Əmlak məsələləri üzrə mütəxəssis Firdovsi Xəlilov Demokrat.az-a açıqlamasında bildirib ki, hamı evi icarəyə verən şəxsi qınayır və bunu etməkdə haqlıdır:
“Amma məsələnin başqa bir tərəfi də var. Hazırkı qanunvericiliyimiz nə icarəyə verəni, nə də icarəyə götürəni kifayət qədər qoruyur. Məsələn, Avropa ölkələrində, Türkiyədə və bir çox başqa ölkələrdə formalaşmış praktikaya əsasən, mənzil aktla təhvil verilir və aktla da geri qaytarılır. Müqavilədə kirayə haqqının hansı şərtlərlə və hansı faiz həddində artırıla biləcəyi əvvəlcədən göstərilir. Bundan əlavə, adətən üç aylıq, bəzən isə bir illik kirayə haqqı həcmində depozit alınır ki, mənzilə və ya əşyalara ziyan dəyərsə, bu zərər həmin vəsait hesabına ödənilsin. Həmçinin qonşular qarşısında və qanunvericilik baxımından məsuliyyət də mənzildə yaşayan icarəçinin üzərinə düşür, ev sahibinin yox”.
Mütəxəssis əlavə edib ki, bizdə isə bu mexanizmlərin əksəriyyəti ya yoxdur, ya da effektiv işləmir:
“Nəticədə ev sahibləri özlərini sığortalamaq üçün müxtəlif üsullara əl atırlar. Ancaq bunu edərkən “qazilərə verilmir”, “subaylara verilmir”, “gənclərə verilmir” kimi ifadələr işlətmək artıq ayrı-seçkilik yaradır. Bu cür elanlar diskriminasiya hesab oluna bilər və hüquqi müstəvidə mübahisələndirilməsi də mümkündür. Əslində məsələni daha düzgün formada həll etmək olar. Mən də istəmərəm ki, evimi icarəyə verdikdən sonra hər gün qonşular mənə zəng edib narazılıq bildirsinlər. Amma bunu insanların hüquqlarını pozmadan da etmək mümkündür. Məsələn, elanda “ailəli şəxslərə üstünlük verilir” və ya “müəyyən kateqoriyadan olan şəxslərə üstünlük verilir” kimi ifadələr yazmaq olar. Belə olduqda ev sahibi seçim meyarını qarşı tərəfi alçaltmadan və incitmədən ifadə etmiş olur. Amma “kimə vermək istəmirəm” prinsipi ilə elan vermək artıq diskriminasiya xarakteri daşıyır”.


