İqtisadiyyat Özəl

"Temu"dan ucuz məhsul sifariş dövrü bitir — Açıqlama

Temudan ucuz məhsul sifariş dövrü bitir — Açıqlama

Məşhur "Temu" platformasının fəaliyyətində ciddi qanun pozuntusu şübhələri yerli bazarda yeni müzakirələrə yol açıb. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi platformanın sahibi olan "PDD Holdings" şirkətinə qarşı rəsmi iş qaldırıb. Araşdırmalar rəqabət qanunvericiliyinin pozulması, xüsusilə inhisarçı qiymət tətbiqi ehtimalı üzərindən aparılır.

Bu araşdırmanın nəticəsi olaraq "Temu"nun Azərbaycandakı qiymət siyasətində məcburi artım baş verərsə, bu, yerli istifadəçilərin alış-veriş vərdişlərinə necə təsir göstərəcək?

Demokrat.az-a məsələ ilə bağlı açıqlama verən iqtisadçı Fuad İbrahimov elektron ticarətin sürətlə inkişafı ilə yerli ticarət arasında müəyyən ziddiyyətin yarandığını deyib.

Onun sözlərinə görə, elektron ticarət platformaları həyatımıza daha çox daxil olduqca, yerli sahibkarlar müəyyən mənada əlverişsiz vəziyyətə düşürlər:

“Çünki ölkə daxilində fəaliyyət göstərən mağazalar və şirkətlər vergi ödəyir, iş yerləri yaradır, işçilərə əməkhaqqı verir, sosial sığorta və digər məcburi ödənişləri həyata keçirirlər. Onlar tam şəkildə rəsmi fəaliyyət göstərirlər. Digər tərəfdən isə istehlakçıların məhsulu elektron ticarət platformaları vasitəsilə birbaşa mənbədən, daha ucuz qiymətə almaq imkanı var. Bu da yerli mağazaların satış dövriyyəsinin azalmasına səbəb olur.

İqtisadçı burada iki tərəfin maraqlarının toqquşduğundan bəhs edib:

“Bir tərəfdə dövlət büdcəsinin əsas gəlir mənbələrindən biri olan vergi ödəyiciləri, digər tərəfdə isə daha sərfəli alış etmək istəyən istehlakçılar dayanır. Bu baxımdan hökumət müəyyən məhdudiyyətlər tətbiq edib. Məsələn, hazırda vətəndaş ay ərzində müəyyən olunmuş limit təxminən 300 ABŞ dolları həcmində məhsulu gömrük rəsmiləşdirilməsi olmadan ölkəyə gətirə bilər. Bu limit aşıldıqda isə həm ƏDV, həm də gömrük rüsumu ödənilməlidir.

Hazırkı vəziyyətlə bağlı isə rəsmi izahatın verilməsi vacibdir. Məsələ ondadır ki, araşdırmanın hansı səbəbdən başladığı məlum deyil. Görəsən, bu proses yerli nümayəndəliklərin və ya sahibkarların şikayəti əsasında başlanıb? Yoxsa müəyyən şəxslərin qanunvericilikdə nəzərdə tutulan limitlərdən sui-istifadə etməsi, məhsulları müxtəlif şəxslərin adına rəsmiləşdirərək güzəştlərdən yararlanması ilə bağlı faktlar aşkarlanıb?

Əgər məqsəd ümumilikdə fərdi idxalı məhdudlaşdırmaqdırsa, bu, ilk növbədə istehlakçıların maraqlarına mənfi təsir göstərəcək”.

Qısası, "Temu" ilə bağlı araşdırma qiymət artımına səbəb olarsa, yerli alıcılar daha baha alış-veriş etmək məcburiyyətində qalacaqlar.

Fidan Hacızadə

D
demokrat.az