Sosial Özəl

"Aqronomluq" sözünün mənasını belə bilməyən gənc məcburən bu ixtisası seçməli olur"

Aqronomluq sözünün mənasını belə bilməyən gənc məcburən bu ixtisası seçməli olur

Ali təhsil müəssisələrinə qəbul imtahanlarının nəticələri açıqlandıqdan sonra abituriyentlər üçün ən məsuliyyətli mərhələlərdən biri ixtisas seçimi prosesidir. Bu mərhələdə verilən qərar təkcə universitet illərini deyil, həm də gələcək peşə və karyera yolunu müəyyənləşdirir. Buna baxmayaraq, bir çox abituriyent ixtisas seçimi zamanı keçid balına üstünlük verir, əmək bazarının tələblərini, şəxsi maraq və bacarıqlarını isə ikinci plana keçirir.

Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında AzEdu Təhsil Platformasının icraçı direktoru, təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri bildirib ki, bu, daha çox ixtisas seçimi zamanı abituriyentlərin topladığı baldan asılı olur.

"Bəzən abituriyentlər buraxılış və blok imtahanlarının cəmi üzrə elə zəif nəticə göstərirlər ki, onları əmək bazarının tələbləri və digər məsələlər qətiyyən düşündürmür. Daha doğrusu, onların bu barədə düşünmək imkanı belə olmur. Məsələn, I ixtisas qrupunun RK (riyaziyyat-kimya) altqrupu üzrə ümumilikdə 210 bal toplayan abituriyent artıq "uğurlu karyera", "ona uyğun gələn ixtisas", "əmək bazarının tələbi" kimi anlayışları ümumiyyətlə yaxına belə buraxa bilməz. Ona lazım olan yeganə məqam odur ki, nə olursa-olsun, hansı universitet olursa-olsun, təki tələbə adını qazansın. İxtisas seçimi də məhz bu düşüncə əsasında aparılır. "Aqronomluq" sözünün mənasını belə bilməyən gənc məcburən bu ixtisası seçməli olur. Bu isə artıq çox ciddi problemə çevrilib. Hər 3-4 abituriyentdən birinin məhz bu vəziyyətdə olması məsələnin ciddiliyini göstərir."

Ekspert qeyd edib ki, əmək bazarının tələblərini nəzərə alaraq ixtisas seçən abituriyentlərə daha çox IV ixtisas qrupunda rast gəlinir.

"Burada həqiqətən həm intellektual hazırlıq, həm məqsədyönlülük, həm də hədəflilik baxımından daha irəlidə olan abituriyentlər var. Yüksək bal toplamasına baxmayaraq, cəmi bir neçə bala görə tibb ixtisasına qəbul ola bilməyən abituriyent qətiyyən başqa ixtisasa yönəlmir və yalnız tibb ixtisasına qəbul olmaq üçün növbəti ili gözləyir. I qrupun Rİ (riyaziyyat-informatika) altqrupu, eləcə də II ixtisas qrupunun iqtisadiyyat profilli ixtisaslarını seçənlərdə də əmək bazarının perspektivlərini nəzərə alma meyli daha güclü hiss olunur."

"Onlar bu zaman təkcə əsas meyarlardan biri olan keçid ballarına baxmır, eyni zamanda ixtisasın gələcək perspektivlərini də təhlil edirlər. Bu isə ixtisas seçimi prosesinə kompleks yanaşmanı tələb edir", – deyə ekspert fikrini tamamlayıb.

Nuray Paşşanlı

D
demokrat.az