Siyasət Özəl

Ukrayna qış planını indidən işə saldı — Açıqlama

Ukrayna qış planını indidən işə saldı — Açıqlama

Ukrayna Prezidenti Volodimir Zelenski müttəfiqlərindən "Patriot" hava hücumundan müdafiə sistemləri üçün 300 raket almaq istəyir. Dövlət başçısı qışa hazırlıqlara indidən başlanmalı olduğunu deyib: "Ukrayna Rusiyanın danışıqlara başlaması üçün bütün səylərini göstərir. Bu yay artıq Rusiya üçün ən çətin yay olub. Uzaq mənzilli əməliyyatlarımız və orta mənzilli zərbələrimiz davam edəcək.

Ukraynanın “Patriot” raketlərinə tələbatını artırması yaxın dövrdə Rusiya ilə hərbi əməliyyatların daha da genişlənəcəyinə işarə hesab oluna bilərmi?

Siyasi ekspert Çingiz Şahbazi Demokrat.az-a açıqlamasında söyləyib ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin müttəfiq ölkələrdən qış mövsümü ilə bağlı 300 ədəd “Patriot” üçün raket tələb etməsi və indidən qış döyüşlərinə hazırlıq işlərinin aparılmasının vacibliyini xüsusi olaraq vurğulaması birmənalı qarşılanmayıb:

“Prezident Zelenskinin bu bəyanatı yaxın aylarda quru əməliyyatlarının mütləq kəskin şəkildə genişlənəcəyinə işarə etməsə də, Rusiyanın payız və qış aylarında enerji infrastrukturu və şəhərlərə qarşı raket hücumlarını artıracağı ehtimalını gündəmə gətirir. Zelenski həm “Patriot” sistemləri üçün raketlərin təcili verilməsinə, həm də gələcəkdə onların Ukraynada lisenziya əsasında istehsal olunmasına çalışır. Lakin yerli istehsalın qurulması vaxt aparacaq və bu, Ukraynanın qarşıdakı qış üçün cari ehtiyaclarını tam həll etməyə imkan verməyəcək. Bu səbəbdən Zelenskinin “qış paketi” adlandırdığı 300 zenit-raketinin onun qənaətinə görə əsas məqsədi hava hücumundan müdafiə imkanlarını gücləndirməkdir. Bu halda Rusiya enerji infrastrukturunu hədəf alaraq Ukraynanı qış aylarında zəiflətmək strategiyasını həyata keçirməkdə daha çox çətinlik çəkə bilər”.

Ekspert Avropa ölkələrinin Ukraynanın təcrübəsinə əsaslanaraq yeni birgə ballistik raketdən müdafiə proqramı yaratmağa başladıqlarını bildirib:

“Bu da onu göstərir ki, Avropa Rusiyanın raket təhlükəsini uzunmüddətli perspektivdə ciddi çağırış kimi qiymətləndirir. Zelenskinin “Bu yay Rusiya üçün çətin yay olub və uzaqmənzilli əməliyyatlarımız davam edəcək” fikirləri də diqqət çəkir. Bu açıqlamalar Ukraynanın Rusiyanın hərbi logistika obyektlərinə, hava bazalarına və sənaye müəssisələrinə qarşı uzunmənzilli zərbələri davam etdirmək niyyətində olduğunu göstərir. Eyni zamanda Moskvanın buna cavab olaraq raket və pilotsuz uçuş aparatları ilə hücumlarını artıracağı ehtimalı da istisna edilmir. Bu baxımdan “Patriot” sistemi hücum silahı deyil, müdafiə məqsədlərinə xidmət edən hava hücumundan müdafiə sistemidir. Ona görə də Ukraynanın bu sistemlərə və onlar üçün raketlərə ehtiyacının artması daha çox mülki əhalinin, şəhərlərin və enerji infrastrukturunun qorunmasına yönəlmiş addım kimi qiymətləndirilməlidir. Bütün bunlar deməyə əsas verir ki, yaxın gələcəkdə Rusiya ilə müharibənin başa çatacağına dair ciddi nikbinlik hələ də yoxdur. Ukrayna bu səbəbdən uzunmüddətli qarşıdurma ehtimalına hazırlaşır və hesab edirəm ki, qış aylarında qarşılıqlı hücumların intensivliyinin artması müşahidə oluna bilər”.

Fidan Hacızadə

D
demokrat.az