Türkiyəli aktrisa Tuba Büyüküstün “YouTube”da yayımlanan “Yargısız” proqramının qonağı olub.
Demokrat.az xəbər verir ki, o, aldığı komplimentləri qəbul etməkdə çətinlik çəkdiyini və özünü gözəl qadın hesab etmədiyini bildirib. Aktrisa ona ünvanlanan təriflər qarşısında utandığını deyərək bunları söyləyib: "Kompliment qəbul etmək mənim üçün çox çətindir".
"Özünü gözəl qadın hesab etdiyin bir günü xatırlayırsanmı?" sualını cavablandıran Tuba Büyüküstün belə deyib: "Mən özümü gözəl qadın hesab etmirəm. Bunu insanlar deyib. Mən isə güzgüyə baxanda gözəl qadın görmürəm. Özümü tanımıram. Bu kimdir? Əvvəllər güzgüdə gözlərimin içinə baxanda yalnız tanış bir sima görürdüm".
Aktrisa uşaqlıqdan bəri gözəlliyi ilə bağlı eşitdiyi sözlərin onda xoşagəlməz hisslər yaratdığını vurğulayıb: "Uşaqlıqdan bəri "çox gözəlsən" sözləri məndə pis xatirələr oyadırdı. 5-6 yaşım olanda bağça müəlliməm mənə "Nə gözəldir, elə kağız kuklaya oxşayır" demişdi. O vaxt qəzetlərdən kağız kuklalar kəsib geyindirirdik. Amma onlar kağızdan olduğu üçün bir müddət sonra köhnəlir, qırışır və zibilliyə atılırdı. İlk ağlıma gələn də məhz bu oldu. 15-16 yaşlarımda isə sonradan dostlaşdığım insanlar məni tanımadan əvvəl "Çox gözəl qızdır, yəqin ki, ya axmaqdır, ya da təkəbbürlüdür" deyə düşündüklərini söyləyirdilər. Bu cür stereotiplər məndə fiziki görünüşümlə bağlı mənfi münasibət formalaşdırdı".
Proqrama makiyajsız qatılan aktrisa hətta tuşdan da çox nadir hallarda istifadə etdiyini bildirib: "Uzun illər ümumiyyətlə tuş istifadə etməmişəm. Yaş artdıqca da ondan çox nadir hallarda istifadə edirəm".
Tuba Büyüküstün "Sultana" filmində dirək rəqqasəsi obrazını canlandırdığı vaxt yayılan fotolarına bəzi sosial media istifadəçilərinin süni intellekt vasitəsilə qoltuqaltı tükləri əlavə etməsinə də münasibət bildirib. Aktrisa bunun onu çox məyus etdiyini deyib: "Viral olan görüntülərə görə çox üzüldüm. Bir iş görmüsən, əziyyət çəkmisən, zəhmət sərf etmisən, amma film nümayiş olunmamış hamı qoltuqaltı tüklərindən danışır. Bu, çox incidicidir. Süni intellekt vasitəsilə tükləri daha qabarıq göstəriblər. Kimsə bunu özünəməxsus sənət hesab edib, gündəm yaradıb və yəqin ki, buna görə də çox sevinib".


