Milli Məclisdə müzakirə olunan Vergi Məcəlləsinə dəyişiklik layihəsi ilə qanunvericiliyə ilk dəfə “frilanser” anlayışının daxil edilməsi təklif olunur. Dəyişiklik rəqəmsal texnologiyalar, süni intellekt, kibertəhlükəsizlik və innovasiya sahələrində müstəqil fəaliyyət göstərən şəxslərin hüquqi statusunun müəyyənləşdirilməsi və onların vergi güzəştlərindən yararlanmasına imkan yaradılmasını nəzərdə tutur.
Hüquqşünas Əkrəm Həsənov Demokrat.az-a açıqlamasında söyləyib ki, “frilanser” anlayışı yalnız rəqəmsal texnologiyalar, internet, kibertəhlükəsizlik və innovasiya sahələrini əhatə etmir:

“Bu kateqoriyaya hüquqşünaslar, maliyyəçilər, mühasiblər və digər sahələrdə sərbəst fəaliyyət göstərən şəxslər də daxildir. Onların bir qismi uzun illərdir sahibkar kimi qeydiyyatdan keçmədən fəaliyyət göstərir. Nəticədə gəlirləri qeyri-rəsmi olur və vergi ödənişi həyata keçirilmir. Məqsəd bu şəxsləri də rəsmi qeydiyyata cəlb etməkdir. İlkin mərhələdə onların qeydiyyata marağını artırmaq üçün aşağı vergi dərəcələri tətbiq ediləcək. Beləliklə, fəaliyyətlərini leqallaşdırmaları və vergi ödəyicisi kimi sistemə daxil olmaları təşviq ediləcək. Sonrakı mərhələdə isə vergi siyasətində dəyişikliklərin edilməsi də istisna deyil”.
O qeyd edib ki, bu təşəbbüsün əsas məqsədinin vergi bazasını genişləndirmək olduğu aydındır:
“Lakin əsas sual ondan ibarətdir ki, “frilanser”lər həqiqətən qeydiyyatdan keçəcəklərmi? Çünki bu sahədə inzibatçılıq kifayət qədər mürəkkəbdir. Frilanserlərin sayı çoxdur, gəlirləri isə əksər hallarda kiçik və fərqlidir. Belə bir fəaliyyətə effektiv nəzarətin hansı mexanizmlərlə həyata keçiriləcəyi isə hələlik açıq sual olaraq qalır”.


