İqtisadiyyat Özəl

Yeni 3 manatlıq əskinasa ehtiyac var? — Açıqlama

Yeni 3 manatlıq əskinasa ehtiyac var? — Açıqlama

Azərbaycan manatının nominal strukturu gündəlik ödənişlərin rahat həyata keçirilməsi və nağd pul dövriyyəsinin səmərəli təşkili məqsədilə beynəlxalq praktikada geniş tətbiq olunan “1-2-5” prinsipinə uyğun formalaşdırılıb. Bu sistem müxtəlif məbləğlərin minimum sayda əskinas və sikkə ilə ödənilməsinə imkan versə də, bəzən ictimai müzakirələrdə fərqli nominal əskinasların, xüsusilə də 3 manatlıq əsginasın dövriyyəyə buraxılması məsələsi gündəmə gəlir.

Bununla bağlı iqtisadçı Razi Abbasbəyli Demokrat.az-a bildirib ki, əmtəə bazarlarında və ticarət münasibətlərində mövcud əskinasların dövriyyədə iştirak prinsipləri fərqlidir:

Yeni 3 manatlıq əskinasa ehtiyac var? — Açıqlama

“Məsələn, Avrozonanı götürsək, burada həm metal sikkələr, həm də kağız əskinaslar şəklində formalaşmış maliyyə alətləri mövcuddur. Azərbaycan kimi coğrafi mövqedə yerləşən ölkələr üçün 3 və ya 7 manatlıq əskinasların istifadəsi uğurlu hesab edilmir. Çünki maliyyə hesablaşmalarında istər-istəməz müəyyən yuvarlaqlaşdırmalar tətbiq olunur. Bu yanaşma əsasən keçmiş postsovet ölkələrində geniş yayılıb və Azərbaycan da bu praktikadan istifadə edən ölkələrdəndir. Lakin Avrozonada ticarət münasibətlərində, xüsusilə pərakəndə satışda müxtəlif nominaldan olan metal sikkələr və kağız əskinaslar geniş istifadə olunur. Nəticədə həmin nominal vahidləri dövriyyədə öz funksiyasını yerinə yetirə bilir. Azərbaycanda isə istər pərakəndə ticarətdə, istər xidmət sektorunda, istərsə də digər xırda əməliyyatlarda 3 və ya 7 manat nominalında metal və ya kağız əskinaslardan istifadə real bazar münasibətlərinə uyğun gəlmir. Buna görə də Azərbaycan kimi ölkələrdə 3 manatlıq əskinasın dövriyyəyə buraxılması o qədər də effektiv hesab edilmir”.

O qeyd edib ki, əgər Azərbaycanda 3 manatlıq əskinas dövriyyəyə buraxılarsa, hesablaşmalarda ciddi rol oynamayacaq:

“Hazırda dövriyyədə 1, 5 və 10 manatlıq əskinaslar mövcuddur. Xüsusilə 1 manatlıq əskinaslar dövriyyədə olan əskinasların təxminən 32 faizini təşkil edir. Bu nominal 5 və 10 manatlıq əskinaslar arasındakı hesablaşmalarda, eləcə də gündəlik istehlak münasibətlərində mühüm rol oynayır. Məhz buna görə də 1 manatlıq əskinasların geniş istifadə olunması 3 manatlıq əskinasa ehtiyac yaratmır. Xüsusilə aqrar sektoru inkişaf etmiş bəzi ölkələrdə, məsələn, Danimarka və Hollandiyada müəyyən fərqli nominal vahidlərdən istifadə olunması həmin ölkələrin ticarət və ixrac xüsusiyyətləri ilə bağlıdır. Məsələn, müəyyən məhsullar konkret nominal üzrə qiymətləndirilə və ixrac oluna bilər. Bu isə həmin nominalın dövriyyədə istifadə olunmasını zəruri edir. Lakin Azərbaycanın ixrac strukturunda belə bir maliyyə alətinə ehtiyac yoxdur”.

İqtisadçı əlavə edib ki, 3 manatlıq əskinasın dövriyyəyə buraxılması nə pərakəndə ticarətdə, nə də istehlak münasibətlərində hər hansı mühüm dəyişiklik yaratmayacaq:

“Bunun üçün iqtisadi zərurət də mövcud deyil. Bundan əlavə, hər hansı yeni nominalın dövriyyəyə buraxılması dövlət büdcəsindən əlavə vəsait tələb edir. Eyni zamanda həm nağd pul dövriyyəsinin, həm də rəqəmsal ödəniş sistemlərinin yeni nominala uyğunlaşdırılması zərurəti yaranır. Buna görə də 3 manatlıq əskinasın dövriyyəyə buraxılmasına ehtiyac yoxdur. Bu, həm dövlət üçün əlavə maliyyə yükü yaradar, həm də daxili istehlak və ixrac ticarəti baxımından praktik fayda verməz”.

Leyla Turan

D
demokrat.az