Psixoloqların fikrincə, gündəlik həyatın həddindən artıq eyni qaydada keçməsi və yeniliklərin olmaması insanın sevinc hissini tədricən azalda bilər. Mütəxəssislər bildirirlər ki, bu vəziyyət yorğunluq və ya motivasiya çatışmazlığından deyil, gündəlik həyatda yeni təcrübələrin azlığından qaynaqlana bilər.
Demokrat.az xəbər verir ki, “HuffPost” nəşrinin yazdığına görə, Vaşinqton Universitetinin (Sent-Luis) psixologiya və neyroelmlər üzrə müəllimi Tim Bono bildirib ki, insan beyni təbii olaraq tanış vərdişlərə üstünlük verir.
Bu səbəbdən insanlar çox vaxt eyni marşrutla hərəkət edir, eyni yeməkləri seçir və gündəlik rejimlərini dəyişmirlər. Belə davranış zehni resurslara qənaət etməyə kömək etsə də, mənfi tərəfləri də var.
Ekspertin sözlərinə görə, zaman keçdikcə insan hətta müsbət dəyişikliklərə də alışır. Müsbət psixologiyada bu hal “hedonik adaptasiya” adlanır. Nəticədə əvvəllər sevinc gətirən hadisələr zamanla gündəlik həyatın adi bir hissəsinə çevrilir.
Tim Bono qeyd edib ki, həyata yenilik gətirmək bu prosesi poza bilər: “Həyatımıza yenilik qatdıqda, əslində adaptasiya prosesini pozuruq. Bu isə diqqətimizi yeni, qeyri-adi və fərqli təcrübələrə yönəldir. Elə bunun özü də sevinc və xoşbəxtlik mənbəyinə çevrilə bilər”.
Lisenziyalı psixoterapevt Reyçel Vulf də bu fikirlə razılaşır. Onun sözlərinə görə, həddindən artıq proqnozlaşdırılan gündəlik həyat yaşanan hadisələrin emosional təsirini zəiflədir: “Həddindən artıq tanışlıq yaşantıları daha az mənalı və daha az zövqverici edə bilər. Yeniliklər və yeni təcrübələr isə bizi sanki oyadır və çatışmayan emosional stimulu təmin edir”.
Məqalədə qeyd olunur ki, yenilik mütləq uzaq səfərlər və ya ekstremal macəralar demək deyil. Psixoloqlar kiçik dəyişikliklərlə başlamağı tövsiyə edirlər. Məsələn, işə başqa marşrutla getmək, yeni yemək hazırlamaq, dostlarla birlikdə oyun oynamaq və ya yeni hobbi sınamaq gündəlik həyata asanlıqla daxil edilə bilən dəyişikliklərdir.
Mütəxəssislərin fikrincə, məhz belə sadə yeniliklər həyatın daha maraqlı və mənalı hiss olunmasına kömək edə bilər.
Jalə Demokrat.az


