Serbiya Prezidenti Aleksandr Vuçiç parlament seçkilərinin elan edilməsindən qısa müddət sonra prezident vəzifəsindən istefa verəcəyini açıqlayıb.
Demokrat.az xəbər verir ki, Vuçiç bu barədə "Pink" telekanalına müsahibəsində danışıb. O bildirib ki, Konstitusiyaya uyğun olaraq əvvəlcə parlament seçkilərini elan edəcək, daha sonra isə istefasını təqdim edəcək.
"Prezident kimi parlament seçkilərini elan etməliyəm. Bundan bir neçə gün sonra istefa verəcəyəm. Bu barədə artıq əvvəl də danışmışam", – deyə dövlət başçısı bildirib.
Prezident çıxışında müxalifəti də tənqid edərək, onların vaxtilə cəmiyyətin 70 faizinin dəstəyini qazandıqlarını iddia etdiklərini, lakin hazırda 30 faiz dəstəyə malik olub-olmadıqlarının belə sual doğurduğunu söyləyib.
Vuçiç Serbiyanın Avropa İttifaqına inteqrasiya prosesi ilə bağlı da fikirlərini bölüşüb. Onun sözlərinə görə, iyul ayında Aİ ilə aparılan danışıqlarda üçüncü klasterin açılması ehtimalı zəif görünür.
"Ümidimizi qoruyuruq, lakin bunun baş verəcəyinə dair nikbin deyiləm", – deyə o vurğulayıb.
Serbiya lideri həmçinin Avropa Komissiyasının sədri Ursula fon der Lyayenə və Avropa İttifaqı Şurasının sədri Antonio Koştaya etimad bəslədiyini bildirib.
Bununla yanaşı, Vuçiç ölkəsinin müdafiə imkanlarının gücləndirilməsinin davam etdiriləcəyini qeyd edib. O bildirib ki, Serbiya mümkün təhlükələrə qarşı hazırlıqlı olmaq və ərazi bütövlüyünü qorumaq məqsədilə hərbi potensialını artırmaqda davam edəcək.
Demokrat.az


