Daxili İşlər Nazirliyi (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) yaydığı məlumata əsasən, paytaxt yollarında velosiped və kiçik elektrik nəqliyyat vasitələrini idarə edənlərin təhlükəsizliyini artırmaq məqsədilə daha 19 yolayrıcında mövcud olan svetoforlara 42 ədəd velosiped bölməsi quraşdırılaraq istifadəyə verilib.
Velosiped zolaqları tıxacların azalmasına kömək edə bilərmi? Bu dəyişiklik qəzaların sayına necə təsir göstərəcək?
Nəqliyyat eksperti Raqif Raufoğlu Demokrat.az-a açıqlamasında bildirib ki, bu, yol hərəkətinin təşkili elementlərindən biridir:
“Uzun illər ölkəmizdə uzunməsafəli velosiped zolaqları olmadığı üçün buna ciddi ehtiyac da hiss olunmurdu. Lakin hazırkı şəraitdə bu yeniliyin yol qəzalarının qarşısının alınmasına müsbət təsir göstərəcəyi gözlənilir”.
Ekspert əlavə edib ki, hazırda bir çox velosiped sürücüsü hərəkətdə özünü piyada kimi aparır:
“Yeni nişanlanma və qaydalara əməl olunduqda isə həm avtomobil sürücüləri daha arxayın hərəkət edəcək, həm də velosiped sürənlər harada dayanmalı, yolayrıcında necə davranmalı olduqlarını daha dəqiq biləcəklər. Bu baxımdan yeniliyin yol hərəkətinin təhlükəsizliyinə müsbət töhfə verəcəyini düşünürük. Gözləntimiz odur ki, gələcəkdə velosiped zolaqlarının sayı daha da artırılsın”.


