İyun ayında İsrail Xarici İşlər Nazirliyi qondarma "erməni soyqırımı"nın tanınması ilə bağlı müzakirələrə başlayıb. Bu addım İsrail ilə Türkiyə arasında münasibətlərin soyumasının davam edən bir epizodundan biri idi və Bakıda ciddi narahatlığa səbəb oldu.
Politoloq Əli Mustafa mövzu ilə bağlı Demokrat.az-a bildirib ki, "Erməni soyqırımı"nın tanınması Azərbaycan-İsrail münasibətlərinə kölgə salır.
“İyun ayında İsrail "erməni soyqırımı"nın tanınması ilə bağlı müəyyən addımlar atdı. Hökumət bu istiqamətdə qərar qəbul elədi və parlamentə, təklif elədi, amma məsələnin gündəmə gəlməsi Azərbaycan-İsrail münasibətlərinə də ciddi şəkildə kölgə saldı. "Erməni soyqırımı" ümumiyyətlə saxta məsələdir. Yəni, tarixi fakta, həqiqətə əsaslanmır. Uydurma məsələdir. Türk millətinə qarşı, Osmanlı dövlətinə qarşı planlaşdırılan böhtan idi. Bu Azərbaycan xalqını da ciddi şəkildə hər zaman narahat edib. Çünki, Azərbaycanda da ermənilərin vaxtilə törətdiyi vəhşiliklər, törətdikləri cinayətlər yaxşı bəllidir və bu Türkiyə-Erməni qarşıdurmasından sonra bu Azərbaycan-Erməni savaşı da, qarşıdurması da baş verib. Yəni biz, əslində, bilirik ki, ermənilər tarixən həm Anadoluda, həm Azərbaycanda türklərə qarşı soyqırım törədiblər. İndi bu həqiqətlərin, bu faktların saxtalaşdırılması, ermənilərin xeyrinə təqdim olunması yalnız Türkiyənin deyil, bizim də hissiyyatımıza toxunur, bizim də maraqlarımıza ziddir”.
“Odur ki, bu addım əlbəttə Türkiyə ilə yanaşı Azərbaycanın da əleyhinə olan bir addım kimi dəyərləndirildi və Azərbaycan hökuməti məsələdə israrlı olaraq qərara yenidən İsrailin baxmasını istədi.
Azərbaycanla İsrail arasında müəyyən dostluq münasibətləri var amma bunlara rəğmən, belə bir təşəbbüsün meydana çıxması əlbəttə bu münasibətləri də, kölgə salırdı. Bu addım, ümumiyyətlə, bu "erməni soyqırımı"nın tanınması Türkiyəyə qarşı, Azərbaycana qarşı, Azərbaycanın nüfuzuna da qarşı xələl gətirən addım idi”.
Politoloq sonda bildirib ki, İsrailin bu təşəbbüsü dondurmasında Azərbaycanın rolu böyükdür.
Qeyd edək ki, İsraildə 1915-ci il hadisələrinin “erməni soyqırımı” kimi tanınmasına dair irəli sürülən təşəbbüs Azərbaycanda narahatlıq doğurub. Rəsmi Bakı bu yanaşmanı tarixi məsələlərin siyasi məqsədlərlə gündəmə gətirilməsi kimi dəyərləndirərək qərarın yenidən nəzərdən keçirilməsinin vacibliyini vurğulayıb. Qeyd olunur ki, belə bir qərar qəbul edilərsə, Azərbaycan-İsrail əlaqələrinə mənfi təsir göstərə və iki ölkə arasında formalaşmış etimadı zəiflədə bilər. Azərbaycanın bu mövqeyi eyni zamanda Türkiyə ilə strateji müttəfiqlik münasibətlərinə verdiyi önəmin göstəricisi hesab olunur.


