Gəncləşmək üçün bahalı prosedurlara ehtiyac olmadığı məlum olub — gündəlik rejimə asanlıqla daxil edilə bilən bir neçə sadə vərdiş kifayətdir. Alimlər beyin fəaliyyətini yaxşılaşdıran və hətta yaşlı dövrdə başlansa belə, ömrü uzada bilən hobbilərin siyahısını müəyyən ediblər. Tədqiqatçılar istənilən yeni məşğuliyyətə başlamağı tövsiyə edirlər.
Demokrat.az xəbər verir ki, "Martha Stewart” nəşrinin məlumatına görə, alimlər beyin fəaliyyətini yaxşılaşdıran və ömrü uzada bilən məşğuliyyətləri müəyyən ediblər.
2023-cü ildə 700 min amerikalı təqaüdçünün iştirakı ilə aparılan araşdırmaya əsasən, səkkiz həyat tərzi vərdişi insana bu vərdişlərə 40, 50 və ya 60 yaşlarında başlasa belə, 24 ilə qədər əlavə ömür qazandıra bilər.
Bu vərdişlərə fiziki aktivlik, düzgün qidalanma, siqaretdən imtina, keyfiyyətli yuxu və aktiv sosial həyat daxildir.
Bununla yanaşı, ekspertlər gündəlik rejimə əlavə edilə biləcək digər faydalı məşğuliyyətləri də açıqlayıblar.
Gəzinti
Əvvəllər hesab edilirdi ki, yalnız intensiv fiziki məşqlər ömrü uzadır. Lakin tədqiqatçılar müəyyən ediblər ki, adi gəzinti beynin həcmini artırır və neyroplastikliyi — beynin uyğunlaşmaq və dəyişmək qabiliyyətini — gücləndirir.
Araşdırma göstərib ki, aktiv həyat tərzi keçirən yaşlı kişilər və qadınlarda ölüm riski hərəkətsiz həyat sürənlərlə müqayisədə daha aşağı olub. Ən böyük faydanı qaçışla məşğul olanlar və raketka idman növləri ilə məşğul olanlar əldə etsə də, gəzinti ikinci yerdə qərarlaşıb.
Digər məlumatlara görə, gündə cəmi 4 min addım daha uzun ömür üçün “sehrli rəqəm” ola bilər.
Dil öyrənmək
Kanadalı müəllim Olqa Kotekonun nümunəsi alimləri onun beynini araşdırmağa sövq edib. O, 70 yaşında yüngül atletika ilə məşğul olub və 95 yaşında vəfat edənədək dünya rekordları qırıb. MRT müayinəsi onun beynindəki ağ maddə yollarının ondan onillərlə gənc qadınlardakı vəziyyətə bənzədiyini göstərib.
Yeni dillərin öyrənilməsi də neyroprotektiv təsirə malikdir. Tədqiqatçı Art Kramer bildirib ki, ömür boyu yeni biliklər əldə etmək beyni qoruyur. Onun 103 yaşlı bibisi yaxın vaxtlarda italyan dilini öyrənməyə başlayıb.
Kviltinq, fotoqrafiya və öyrənmə
60–90 yaş arası insanlar arasında aparılan araşdırma göstərib ki, üç ay ərzində həftədə 16 saat kviltinq və ya rəqəmsal fotoqrafiya ilə məşğul olan şəxslər krossvord həll edənlərlə müqayisədə yaddaş və məlumatı emal etmə sürətində daha yaxşı nəticələr göstəriblər.
“Düşünürəm ki, insanlar sosiallaşmanın təsirini kifayət qədər qiymətləndirmirlər”, deyə tədqiqat direktoru Deniz S. Park qeyd edib.
Alimlər hər hansı yeni məşğuliyyətə başlamağı tövsiyə edirlər — istər yerli böyüklər üçün mərkəzlərdə kurslara qatılmaq, istərsə də yeni pultdan istifadə etməyi öyrənmək olsun. Əsas məsələ məqsəd qoymaqdır, çünki məqsədlər olmadıqda beyin tezliklə stimulunu itirir.
Janqlyorluq, rəqs və videooyunlar
11 araşdırmanın icmalı göstərib ki, janqlyorluq neyroplastikliyi artırır və bunun üçün xüsusi avadanlıq və ya təlimçi tələb olunmur.
Rəqs də beynin qocalmasını ləngidə bilər. Bir araşdırma rəqslə məşğul olmağın hipokampda dözümlülük məşqlərinin təsirinə bənzər müsbət dəyişikliklərlə əlaqəli olduğunu göstərib. Bundan əlavə, rəqs adi məşqlərdən fərqli olaraq tarazlığı da yaxşılaşdırıb.
Hətta videooyunlar da faydalı ola bilər. 60–80 yaş arası insanlar “Nintendo Wii U” platformasında “Angry Birds” və ya “Super Mario 3D World” oyunlarını oynadıqdan sonra cəmi dörd həftə ərzində yaddaşlarının yaxşılaşdığını göstəriblər. Bu təsir təcrübə başa çatdıqdan bir ay sonra da davam edib.
Meditasiya və bütün fəaliyyətlərin birləşdirilməsi
Stress beyinə mənfi təsir göstərir. Buna görə tədqiqatçılar şüurluluq praktikalarını — meditasiya, yoqa və gündəlik yazmağı — tövsiyə edirlər. Hətta ev heyvanı ilə ünsiyyət də yaddaşı və enerji səviyyəsini yaxşılaşdıra bilər.
ABŞ-da aparılan genişmiqyaslı U.S. Pointer klinik tədqiqatına rəhbərlik edən Laura Beykerin sözlərinə görə, yalnız bir istiqamət seçməyin mənası yoxdur.
“Bu, fiziki məşqlər üstəgəl pəhriz, üstəgəl koqnitiv stimullaşdırma, üstəgəl sosial qarşılıqlı əlaqədir”, deyə o bildirib.
Jalə Demokrat.az


