Sağlamlıq Özəl

Süni qidalarla böyüyən uşaqlarda şəkər xəstəliyinə meyillilik artır — Açıqlama

Süni qidalarla böyüyən uşaqlarda şəkər xəstəliyinə meyillilik artır — Açıqlama

Körpəlik dövründə düzgün qidalanma uşağın gələcək qidalanma vərdişlərinin formalaşmasında mühüm rol oynayır. İnsanlarda şəkərə qarşı güclü meyilliliyin formalaşmasında xüsusilə qadınlarda hamiləlik dövründə ananın qidalanması və körpənin ilk aylarda necə qidalanması vacib məsələdir.

Bu barədə Demokrat.az-a açıqlamasında dietoloq Ləman Süleymanova bildirib.

“Hamiləlik zamanı ananın qidalanma vərdişləri uşağın dad reseptorlarının formalaşmasına təsir göstərir. Ana südü ilə qidalanan uşaqlarda sonrakı dövrlərdə şəkərə meyillilik daha az müşahidə olunur. Ana südünün tərkibində uşağın inkişafı üçün zəruri olan bir çox maddələr və təbii şəkərlər mövcuddur. Bu maddələr orqanizmin şəkərə olan ehtiyacını balanslaşdırmağa kömək edir. Nəticədə ana südü ilə normal qidalanan uşaqlarda sonrakı yaşlarda şəkərli qidalara həddindən artıq meyillilik daha az olur”.

Dietoloq vurğulayıb ki, ana südü qəbul etməyən və erkən yaşlardan süni qidalarla qidalanan uşaqlarda isə tərkibində müxtəlif şəkər əvəzediciləri və ya əlavə şəkərlər olan məhsulların istifadəsi şəkərə marağın artmasına səbəb ola bilər:

“Uşaqların qidalanmasında asan həzm olunan karbohidratların miqdarı nəzarətdə saxlanmalı, erkən yaşlardan təbii və sağlam qidalara üstünlük verilməlidir. Uşaqların mütəmadi olaraq şirniyyat, qazlı içkilər və müxtəlif zərərli məhsulları istehlak etməsi onların dad vərdişlərini dəyişdirə və gələcəkdə şəkərli, yüksək kalorili qidalara davamlı meyillilik formalaşdıra bilər”.

Dietoloq sonda valideynlərə uşaqların sağlam qidalanma vərdişlərinin körpəlik dövründən formalaşdırılmasının gələcək sağlamlıq üçün mühüm əhəmiyyət daşıdığını tövsiyə edib.

Nuray Paşşanlı

D
demokrat.az