Sosial Özəl

"Bu sahədəki çatışmazlıqlar hər hansı problem baş verdikdən sonra üzə çıxır"

Bu sahədəki çatışmazlıqlar hər hansı problem baş verdikdən sonra üzə çıxır

Tikinti sektoru iqtisadiyyatın ən dinamik sahələrindən biri olsa da, burada təhlükəsizlik qaydalarına əməl olunmaması hələ də narahatlıq doğurur. İstehsalat qəzaları, hündürlükdən yıxılma halları və fərdi mühafizə vasitələrindən düzgün istifadə edilməməsi tikinti meydançalarında təhlükəsizlik standartlarının tətbiqi ilə bağlı problemləri yenidən gündəmə gətirib. Bəs hazırda bu sahədə əsas çatışmazlıqlar nələrdir, təhlükəsizlik standartlarının pozulması daha çox tikinti prosesinin hansı mərhələlərində müşahidə olunur və risklərin azaldılması üçün hansı addımlar atılmalıdır?

Hüquqşünas Əkrəm Həsənov Demokrat.az-a açıqlamasında söyləyib ki, təhlükəsizlik standartlarının tətbiqi ilə bağlı konkret olaraq hansı meyarların əsas götürüldüyünü demək çətindir:

“Çünki dövlət qurumları binanı istismara qəbul edib təhvil alarkən hansı kriteriyalar üzrə qiymətləndirmə apardıqlarını tam bilmirik. Adətən bu sahədəki çatışmazlıqlar yalnız hər hansı qəza və ya problem baş verdikdən sonra üzə çıxır. O zaman məlum olur ki, müəyyən məsələlərə vaxtında lazımi diqqət yetirilməyib. Ən ciddi problemlərdən biri istismara qəbul edilməmiş binalarda insanların yaşamasıdır. Elə binalar var ki, hələ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmayıb, istismara qəbul aktı yoxdur, amma artıq həmin binalarda qaz, su və elektrik təmin edilib, insanlar da orada yaşayırlar. Halbuki bina rəsmi şəkildə təhvil verilməyibsə, deməli, dövlət onun bütün təhlükəsizlik standartlarına cavab verdiyini təsdiqləməyib. Burada ciddi sual yaranır ki, əgər bina istismara qəbul edilməyibsə və təhlükəsizlik baxımından təsdiq olunmayıbsa, dövlətin digər qurumları niyə həmin binaya kommunal xidmətlər göstərir və insanların orada yaşamasına şərait yaradır? Əksinə, əgər bina bütün tələblərə cavab verirsə, niyə onun istismara qəbulu və çıxarışların verilməsi gecikir?”.

O qeyd edib ki, Bakıda belə binaların sayı az deyil:

“İnsanlar illərlə, hətta onilliklərlə yaşadıqları mənzillərə çıxarış ala bilmirlər. Bu vəziyyət müxtəlif suallar doğurur və burada korrupsiya amilinin də müəyyən rol oynadığı barədə fikirlər səsləndirilir. Digər mühüm problemlərdən biri isə şəhərsalma normalarının pozulmasıdır. Bir çox hallarda binalar arasında nəzərdə tutulan məsafə gözlənilmir, tikinti plansız şəkildə aparılır. Üstəlik, ətrafda yaşayan sakinlər çox vaxt həmin ərazidə yeni tikintinin aparılacağından əvvəlcədən xəbərdar olmurlar. Onlar tikinti işlərindən yalnız proses başlayandan sonra məlumat əldə edirlər”.

Leyla Turan

D
demokrat.az