Kitab oxumağın cəmiyyətin intellektual inkişafında mühüm rol oynamasına baxmayaraq, Azərbaycanda kitab qiymətlərinin yüksək olması oxucuların, xüsusilə də gənclərin mütaliəyə marağını məhdudlaşdıran əsas amillərdən biri kimi göstərilir. Kiçik tirajlar, çap və kağız xərclərinin artması, eləcə də nəşr bazarının xüsusiyyətləri kitabların qiymətinə birbaşa təsir edir.
Bəs Azərbaycanda kitablar niyə bahadır? Oxu mədəniyyətinin inkişafı üçün kitabların qiymətini daha əlçatan etmək mümkündürmü?
Məsələ ilə bağlı iqtisadçı Natiq Cəfərli Demokrat.az-a açıqlamasında bildirib ki, Azərbaycanda "kitab bahadır" anlayışı nisbidir:

“Çünki vaxtaşırı keçirilən kitab yarmarkalarında 1-2 manata da kitab almaq mümkündür. Digər tərəfdən, kitabın qiyməti ilə oxucu sayını birbaşa əlaqələndirmək düzgün yanaşma deyil. İnternetin sürətlə inkişaf etdiyi dövrdə oxumaq istəyən hər kəs istədiyi kitabın elektron variantını, hətta çox vaxt ödənişsiz şəkildə tapıb oxuya bilir. Azərbaycanda kitabların qiymətinin yüksək olmasının əsas səbəbi vergilər deyil. Əksinə, kitablar bəzi vergi növlərindən azad edilib. Əsas problem çap xərclərinin yüksək olmasıdır”.
O deyib ki, Azərbaycan kağız istehsalçısı olmadığından kağız xaricdən idxal edilir və bu da maya dəyərini artırır:
“Bundan əlavə, kitab mağazalarının yüksək icarə haqları da qiymətlərə ciddi təsir göstərir. Satılan hər kitabın qiymətinə bu xərclər də əlavə olunur. Digər mühüm amil isə kitabların çox kiçik tirajla çap edilməsidir. Təxminən 10 milyon əhalisi olan ölkədə kitablar ən yaxşı halda 300-500 nüsxə tirajla nəşr olunur. Bu qədər az tirajla müəllifin və nəşriyyatın gəlir əldə etməsi çətinləşir. Nəticədə, çəkilən xərcləri kompensasiya etmək üçün kitablar daha yüksək qiymətə satışa çıxarılır”.


