Sosial Özəl

Motoxuliqanlığa görə cəzalar sərtləşdirilə bilər

Motoxuliqanlığa görə cəzalar sərtləşdirilə bilər

Dünən Bakıda motoxuliqanlıq edərək sosial şəbəkələrdə video paylaşan şəxs həbs edilib. Bildirilib ki, yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq motoxuliqanlıq edən və həmin görüntüləri sosial şəbəkədə paylaşan motosiklet sürücüsü polis əməkdaşları tərəfindən müəyyən edilib.

Maraqlıdır, bu cür hüquq pozuntularının qarşısını almaq üçün mövcud qanunvericilik kifayət edirmi, yoxsa daha sərt cəzalara ehtiyac var?

Hüquqşünas Əkrəm Həsənov Demokrat.az-a açıqlamasında söyləyib ki, avtoxuliqanlıq edən şəxslər İnzibati Xətalar Məcəlləsinin 511-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunurlar:

“Hazırkı qanunvericiliyə görə bu əmələ görə tətbiq edilən ən ağır cəzalardan biri bir ay müddətinə inzibati həbsdir. Bundan əlavə, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrumetmə kimi inzibati tənbeh tədbirləri də nəzərdə tutulur. Lakin hesab edirəm ki, son dövrlər avtoxuliqanlıq hallarının artması və cəmiyyət üçün yaratdığı təhlükə nəzərə alınaraq, bu məsələ yalnız inzibati xəta kimi qiymətləndirilməməlidir.

Bununla bağlı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə də müvafiq maddənin əlavə edilməsi məqsədəuyğun olardı. Xüsusilə bu əməli təkrar törədən şəxslər artıq cinayət məsuliyyətinə cəlb edilməli və onlara daha uzunmüddətli azadlıqdan məhrumetmə cəzasının tətbiqi imkanları nəzərdən keçirilməlidir”.

Fidan Hacızadə

D
demokrat.az