İqtisadiyyat Özəl

"Bakıda bir ikiotaqlı mənzilin qiymətinə Ankarada iki ədəd iki və ya üçotaqlı mənzil almaq mümkündür"

Bakıda bir ikiotaqlı mənzilin qiymətinə Ankarada iki ədəd iki və ya üçotaqlı mənzil almaq mümkündür

Son günlər dünya bazarında qızılın qiymətində müşahidə olunan eniş investisiya bazarında yeni müzakirələrə səbəb olub. Uzun müddət etibarlı investisiya aləti hesab edilən qızılın ucuzlaşması vəsaitini dəyərləndirmək istəyən şəxsləri alternativ seçimlər barədə düşünməyə vadar edir. Belə bir şəraitdə investorlar üçün ən vacib məsələ həm vəsaiti inflyasiyadan qorumaq, həm də mümkün riskləri minimuma endirməkdir. Bəs hazırkı iqtisadi şəraitdə pulu hansı investisiya alətlərinə yönəltmək daha məqsədəuyğundur? Hansı sahələr daha sabit gəlir vəd edir, hansı investisiyalar isə daha yüksək risk daşıyır?

Bu barədə Demokrat.az-a danışan iqtisadçı İlqar Hüseynli bildirib ki, qızıl tez-tez bahalaşma və ucuzlaşma riskləri ilə üzləşir:

“Bir çox insanlar qiymətlər yüksəlməyə başlayanda qızıla investisiya edirlər. Lakin müəyyən müddət sonra qiymətlər enən kimi düşündükləri ilk məsələ vəsait itirdikləri olur. Bəzən isə belə fikirləşirlər ki, bir qədər də gözləsəydilər, qızılı daha aşağı qiymətə ala bilərdilər. Digər tərəfdən, pula təcili ehtiyac yarandıqda qızılı satmaq da risklidir. Çünki onun nə vaxt yenidən bahalaşacağını dəqiq proqnozlaşdırmaq mümkün deyil. Bu baxımdan hazırkı mərhələdə daha təhlükəsiz seçimlərə üstünlük vermək məqsədəuyğundur. Hazırda dolların məzənnəsi sabitdir və ciddi risklər altında görünmür. Avronun məzənnəsində isə mövsümi dəyişikliklər müşahidə olunur. Yaz, yay və qış aylarında müəyyən dalğalanmalar baş verə bilir. Yaxın perspektivdə dolların məzənnəsində kəskin dəyişiklik gözlənilmədiyi üçün vəsaiti dollarda saxlamaq daha məqsədəuyğun seçim hesab oluna bilər. Əgər söhbət daha böyük məbləğdən gedirsə, ən optimal investisiya istiqamətlərindən biri daşınmaz əmlakdır. Hətta bu məsələyə daha geniş prizmadan yanaşsaq, qonşu Türkiyə bazarı da maraqlı alternativ kimi qiymətləndirilə bilər”.

Ekspert əlavə edib ki, Azərbaycanda, xüsusilə də Bakıda daşınmaz əmlakın qiymətləri bəzi hallarda Türkiyənin müəyyən şəhərləri ilə müqayisədə sərfəli görünməyə bilər:

“Bakıda bir ikiotaqlı mənzilin qiymətinə Ankarada iki ədəd iki və ya üçotaqlı mənzil almaq mümkündür. Üstəlik, həmin mənzilləri qısa müddətdə icarəyə vermək imkanı da var. Həm Azərbaycanda, həm də Türkiyədə daşınmaz əmlak uzunmüddətli perspektivdə dəyər qazanan investisiya istiqamətlərindən biridir. Qiymətlər tədricən artım meyli göstərir. Buna görə də böyük məbləğdə vəsaiti olan sahibkarlar və ya fərdi investorlar üçün daşınmaz əmlaka yatırım etmək daha doğru və perspektivli seçim ola bilər”.

Leyla Turan

D
demokrat.az