Sosial Özəl

Təhsil sistemində əsas hədəf dəyişdi — Açıqlama

Təhsil sistemində əsas hədəf dəyişdi — Açıqlama

“Hazırda təhsil sisteminin əsas məqsədi şəxsiyyət və vətəndaş yetişdirmək, şagirdləri müstəqil həyata hazırlamaqdır. Bununla yanaşı, məktəblər ali və orta ixtisas təhsili müəssisələrinə hazırlıq funksiyasını da yerinə yetirir”.

Bunu Demokrat.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi deyib.

Onun sözlərinə görə, təhsil müəssisələri həm monitorinqlər, həm buraxılış imtahanları, həm də qəbul imtahanları istiqamətində tədris prosesini təşkil edirlər:

“Hazırda təhsil sisteminin qarşısında duran əsas məqsəd şəxsiyyət və vətəndaş yetişdirməkdir. Burada əsas məsələ şagirdlərin həyata hazırlanmasıdır. İstər monitorinqlər, istər buraxılış, istərsə də qəbul imtahanları baxımından təhsil müəssisələri tədris prosesini ümumi şəkildə təşkil edir. Xüsusilə yuxarı siniflərdə, 10 və 11-ci siniflərdə təhsil alan, ali təhsil müəssisələrinə qəbul olmağı qarşısına məqsəd qoyan şagirdlər üçün son illərdə təmayül sinifləri və məktəbləri yaradılıb. Bu ildən etibarən isə yeni layihələrə start verilib ki, yuxarı sinif şagirdləri seçdikləri ixtisas qrupları üzrə daha məqsədyönlü təhsil ala bilsinlər. Məqsəd onların məktəbdənkənar hazırlığa ehtiyac duymadan zəruri bilik və bacarıqları məktəbdə qazanmalarını təmin etməkdir”.

“Göründüyü kimi, müasir təhsil sistemi təkcə şagirdləri həyata hazırlamır, eyni zamanda onların ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbuluna da hazırlıq funksiyasını yerinə yetirir”, - deyə Elçin Əfəndi fikrini tamamlayıb.

Nuray Paşşanlı

D
demokrat.az