Milli Məclisdə sosial şəbəkələrdə uşaqların müdafiəsinin gücləndirilməsini nəzərdə tutan qanunvericilik dəyişikliklərinin üçüncü oxunuşda qəbul edilməsi rəqəmsal təhlükəsizlik və uşaq hüquqlarının qorunması ilə bağlı yeni hüquqi mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Son illərdə uşaqların sosial media platformalarında zərərli məzmun, kiberzorakılıq, şəxsi məlumatların qanunsuz toplanması və psixoloji manipulyasiya kimi risklərlə daha çox üzləşməsi bu sahədə hüquqi tənzimləmənin zəruriliyini artırıb.
Sosial şəbəkələr uşaqların təhsil prosesinə və akademik göstəricilərinə necə təsir edir?
Təhsil eksperti Elçin Əfəndi mövzu ilə bağlı Demokrat.az-a bildirib ki, hazırkı vəziyyətdə qəbul olunan qərar, təbii ki, şagirdlərin təhsil göstəricilərinə birbaşa təsir göstərəcək:
“Eyni zamanda bu addım ümumi tədris prosesində daha rəqabətli mühitin formalaşmasına imkan yaradacaq. Çünki şagirdlər telefona daha çox diqqət ayırdıqları zaman onların müxtəlif məzmunlu paylaşımlara marağı artır, bəzi hallarda aqressiv oyunlara meyl edir, yaxud zorakılığı əks etdirən görüntüləri izləyirlər. Bu isə zamanla sosial platformalardan asılılığın yaranmasına gətirib çıxarır və onların psixoloji vəziyyətinə mənfi təsir göstərir”.
O qeyd edib ki, belə bir qərarın qəbul olunması şagirdlərin sosial platformalardan müəyyən qədər uzaqlaşmasına, diqqətlərini daha çox təhsilə yönəltməsinə şərait yaradacaq:
“Bu proses isə ümumi təhsil göstəricilərinin yaxşılaşmasına imkan verəcək. Ümumiyyətlə, rəqəmsal alətlərdən və sosial platformalardan həddindən artıq istifadə şagirdlərin təhsilə yönəlmiş diqqətinin dağılmasına səbəb olur. Belə hallarda həm valideynlər, həm də təhsil müəssisələri bu məsələyə xüsusi diqqət yetirməlidirlər ki, şagird özünü kompleks şəkildə təhsil prosesinin bir hissəsi kimi hiss etsin. Bu da, ümumilikdə, həm daha rəqabətli təhsil mühitinin formalaşmasına, həm də təhsil göstəricilərinin artmasına töhfə verəcək".


