“Rəqəmsal platformalarda uşaqların təhlükəsizliyinin təmin edilməsi son illərdə dünyanın bir çox ölkəsində yenilənən qanunvericilik layihələrinin əsas istiqamətlərindən birinə çevrilib. Azərbaycan da bu sahədə hüquqi tənzimləmələri gücləndirən ölkələr sırasına qoşuldu”.
Bunu Milli Məclisin deputatı Müşfiq CəfərovDemokrat.az-a açıqlamasında deyib.
O bildirib ki, artıq Azərbaycanda da uşaqların rəqəmsal mühitdə təhlükəsizliyini təmin etmək üçün sosial şəbəkələrdə yaş məhdudiyyətləri tətbiq edilir:
“Belə ki, Milli Məclisdə üçüncü oxunuşda qəbul edilən qanun layihəsinə əsasən, sosial şəbəkələrdə fərdi rəqəmsal hesab açılması üçün minimum yaş həddinin 16 olması müəyyənləşdirildi. Layihəyə görə 16 yaşına çatmamış şəxslərin yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkələrdə hesab yaratmasına icazə verilməyəcək. 16–18 yaş aralığında olan yeniyetmələr isə platformalardan yalnız qanuni nümayəndələrinin razılığı və nəzarəti ilə istifadə edə biləcəklər. Eyni zamanda platformalara uşaqların şəxsi məlumatlarının qorunması, zərərli məzmunun operativ silinməsi, kiberzorakılığın qarşısının alınması və təhlükəsiz istifadə mühitinin yaradılması ilə bağlı yeni öhdəlikləri də müəyyən etdi.
Mən bu qanun layihəsini təkcə bir deputat kimi deyil, eyni zamanda bir valideyn kimi dəyərləndirmək istəyirəm. Layihədə uşaqların təhlükəsizliyini artırmağa xidmət edən bir sıra mühüm mexanizmlər nəzərdə tutulur. Buraya yaşın təsdiqlənməsi mexanizmləri, valideyn nəzarətinin gücləndirilməsi və geolokasiya məlumatlarının məhdudlaşdırılması daxildir”.
Deputat əlavə edib ki, manipulyativ elementlərin azaldılması və uşaqların psixi sağlamlığına mənfi təsir göstərə biləcək məzmunun qarşısının alınması da layihənin əsas istiqamətlərindəndir:
“Bütün bunlar olduqca təqdirəlayiq yanaşmadır. Hətta beynəlxalq təcrübə də göstərir ki, rəqəmsal platformalarda yaş məhdudiyyətlərinin tətbiqi getdikcə genişlənir. Avstraliya 16 yaşdan aşağı uşaqların sosial şəbəkələrdən istifadəsini məhdudlaşdıran qanun 2 il bundan əvvəl qəbul olunub. Türkiyədə də 15 yaşdan kiçik uşaqların sosial media istifadəsinin məhdudlaşdırılması istiqamətində qanunvericilik təşəbbüsü irəli sürülüb. Avropa İttifaqının bir sıra ölkələrində isə valideyn razılığı olmadan şəxsi məlumatların emalına dair yaş həddi əsasən 13–16 yaş arasında müəyyən edilir. Bütün bu tədbirlər uşaqların müdafiə sisteminin tərkib hissəsi kimi qiymətləndirilməlidir”.
Qeyd edək ki, rəqəmsal mühitin gündəlik həyatın ayrılmaz hissəsinə çevrildiyi dövrdə uşaqların internet məkanında təhlükəsizliyinin təmin olunması getdikcə daha aktual məsələyə çevrilir. Xüsusilə sosial şəbəkələrdə zərərli məzmunun yayılması, kiberzorakılıq halları, şəxsi məlumatların icazəsiz toplanması və psixoloji təsir mexanizmlərinin artması bu sahədə hüquqi müdafiə tədbirlərinin gücləndirilməsini zəruri edir. Məhz bu kontekstdə Milli Məclisdə uşaqların sosial şəbəkələrdə müdafiəsinin gücləndirilməsini nəzərdə tutan qanunvericilik dəyişikliklərinin üçüncü oxunuşda qəbul edilməsi mühüm addım kimi dəyərləndirilir.


