Kriminal Özəl

Xırdalanda restoranda qadınlarla bağlı söhbət məhkəmədə bitdi

Xırdalanda restoranda qadınlarla bağlı söhbət məhkəmədə bitdi

Abşeron rayonunda 41 yaşlı kişi tanışına xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən restoranlardan birinin qarşısında baş verib.

1985-ci il təvəllüdlü Faiq küçədə orta dərəcəli sərxoş vəziyyətində əvvəllər tanıdığı Zahirlə restoranda söhbət zamanı əxlaqsız ifadələr işlətdiyini zənn edib, onunla mübahisə edib.

Faiq ictimai qaydanı kobud surətdə pozaraq, cəmiyyətə açıqca hörmətsizlik edib, vətəndaşların gediş-gəlişi çox olan yerdə heç bir əsaslı səbəb olmadan ucadan nalayiq ifadələr işlədib və Zahirin qarın nahiyəsinə ayaq zərbəsi ilə bir dəfə, üz nahiyəsinə isə iki dəfə yumruqla vurub.

Faiqin barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) maddəsi ilə ittiham elan edilib.

İş üzrə izahat verən Faiq ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, 2005-cı ildə Samirə ilə evlənib, birgə nikahdan 2 övladı olub:

“Birinci övladım 2006-ci il təvəllüdlü Məqsəd, ikinci övladım 2009-cu il təvəllüdlü Fuad olub. Yaşadığım ünvanda mən, anam, arvadım və övladlarım ilə birlikdə yaşamışam. Zərərçəkmiş Zahiri taksi sürücüsü kimi tanımışam”.

Təqsirləndirilən şəxs deyib ki, məlum hadisə günü, təxminən saat 20 radələrində Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən restorana gedib:

“Həmin vaxt yemək yeyib, spirtli içki qəbul etdikdən sonra saat 22 radələrində restorandan çölə çıxan zaman Zahirin bir nəfər şəxslə qadınlarla bağlı əxlaqsız mövzuda söhbət etdiyini eşitdim. Ona bu mövzuda söhbətlər etməsinə əsəbiləşdim. Sonra restoranın qarşısına çıxdım və orada Zahiri avtomobilinin yanında gördüm. Onun qadınlar barəsində etdiyi söhbətlər yadıma düşdü. Həmin zaman Zahirə yaxınlaşdım və aramızda mübahisə yarandı. Mübahisə zamanı onun qarın nahiyəsindən bir dəfə ayaq zərbəsi ilə, üz nahiyəsinə isə iki dəfə yumruqla zərbələr vurdum. Bundan sonra tanımadığım şəxslər bizi ayırdı və sakitləşdirdi. Sonra yaşadığım evə getdim”.

İş üzrə zərərçəkmiş Zahirin sözlərinə görə, Xırdalan şəhəri, “At heykəli”nin yaxınlığında yerləşən restoranın qarşısında dayanıb və restoranından çıxan müştəriləri ünvana çatdırıb:

“Hadisə günü, saat 22 radələrində restoranın içərisində işləyən xidmətçilərdən biri ilə söhbət etdim. Söhbət zamanı mən əvvəllər restoranında tanışım olan və ofisiant işləyən Zaur adlı şəxsin Rusiya Federasiyasına getməsini, orada qızlarla şəkillər çəkdirdiyini, həmin şəxsin işlərinin yaxşı getdiyini, tezliklə qızlarla birlikdə Bakı şəhərinə qayıdacağını bildirdim. Həmin zaman söhbəti kənardan eşidən Faiq adlı şəxs mənə yaxınlaşdı, heç bir səbəb olmadan məni söyüb təhqir etdi. Mən söhbətin ona aid olmadığını bildirdim. Lakin o, sərxoş vəziyyətdə olduğu üçün sözlərimə qeyri-adekvat cavablar verdi, mənimlə mübahisə etməyə başladı. Mən Faiqin sərxoş vəziyyətdə olduğunu gördüm və onu sakitləşdirdim. Sonra isə küçəyə çıxaraq avtomobilimin yaxınlığına gəldim. Həmin zaman yenə də Faiq yaxınlaşaraq məni nalayiq sözlərlə təhqir etdi. Sonra qarın nahiyəmdən bir dəfə təpiklə, üz nahiyəmə isə yumruqla iki dəfə zərbələr vurdu”.

Abşeron Rayon Məhkəməsinin hökmü ilə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin qərarının 1.16 və 5.1-ci bəndləri tətbiq edilib, Faiq cinayət məsuliyyətindən azad edilib və iş üzrə icraata xitam verilib.

Həmçinin Faiqin barəsində seçilmiş başqa yerə getməmək haqqında qətimkan tədbiri ləğv edilib.

Fariz Məlikli

D
demokrat.az