Vaşinqton və Tehran arasında müvəqqəti razılaşmanın başa çatması regionda hərbi riskləri pik həddə çatdırıb. Hörmüz boğazında kommersiya gəmilərinə endirilən raket zərbələri iki ölkə arasında onsuz da kövrək olan diplomatik əlaqələri tamamilə qıra bilər.
"Axios" portalının yaydığı son məlumatlar tərəflərin böyük gərginliyə sürükləndiyini göstərir. Keçən həftə rəsmi Vaşinqton və Tehran arasında hərbi fəaliyyətlərin dayandırılmasını nəzərdə tutan bir həftəlik anlaşma müddəti bitib. Bunun dərhal ardınca gəmilərin hədəf alınması ABŞ tərəfindən cavab zərbələri riskini artırıb.
Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən siyasi şərhçi Çingiz Şahbazi bildirib ki, nəzərdə tutulan bir həftəlik razılaşma müddəti başa çatdıqdan sonra baş verən hadisələr, əgər yayılan məlumatlar təsdiqini taparsa, vəziyyətin yenidən ciddi şəkildə gərginləşməsinə səbəb ola bilər:
“Hazırkı məlumatlara görə, ABŞ rəsmiləri İranı Hörmüz boğazında ən azı iki kommersiya gəmisinə raket zərbələri endirməkdə ittiham edirlər. Gəmilər zədələnsə də, ekipaj üzvləri arasında itki qeydə alınmayıb. İran isə hələlik bu hadisəyə görə məsuliyyəti üzərinə götürməyib. Təbii ki, ABŞ və onun müttəfiqləri İranın bu addımına hansı formada cavab veriləcəyini müzakirə edirlər. Çünki neft və mayeləşdirilmiş təbii qaz daşımalarının təhlükəsizliyi yenidən əsas gündəm mövzusuna çevrilib. Bu hadisələr fonunda enerji bazarlarında sabitliyin pozulması, həmçinin yükdaşımalar üzrə sığorta haqlarının artması ehtimalı yüksək qiymətləndirilir”.
Çingiz Şahbazinin fikrinə əsasən, baş verənlər eyni zamanda ABŞ ilə İran arasında diplomatik prosesə də mənfi təsir göstərə və danışıqların gələcəyini təhlükə altına sala bilər:
“Bu baxımdan gərginliyin daha genişmiqyaslı qarşıdurmaya çevrilməsi riski də artır. Hərçənd ki, həm Vaşinqton, həm də Tehran tammiqyaslı müharibədən yayınmağa çalışdıqlarını nümayiş etdirirlər.
Bununla belə, Hörmüz boğazı dünya üzrə neft tədarükünün əhəmiyyətli hissəsinin keçdiyi strateji marşrut olduğundan burada baş verən hər hansı eskalasiya beynəlxalq enerji bazarlarına və regional təhlükəsizliyə ciddi təsir göstərmək potensialına malikdir. Bu baxımdan son hadisələr ABŞ-İran münasibətlərində gərginliyin yenidən artdığını göstərir və atəşkəs razılaşmasının faktiki olaraq pozulması kimi qiymətləndirilə bilər”.


