Uşaqların gündəlik həyatında ekran qarşısında keçirilən vaxtın artması real ünsiyyət və fiziki fəaliyyət imkanlarını məhdudlaşdırır. Bəs virtual mühitdən uzaq qalan uşaqların real dünyada oyun, dostluq və sosial adaptasiya prosesi necə müsbət dəyişəcək?
Məsələ ilə bağlı psixoloq Elnur Rüstəmov Demokrat.az-a bildirib ki, virtual mühitdə keçirilən vaxtın azalması uşaqların real həyat bacarıqlarının inkişafı üçün mühüm imkan yaradır:

"Uşaq inkişafı baxımından oyun sadəcə əyləncə deyil, sosial və emosional öyrənmənin əsas vasitəsidir. Uşaqlar birgə oyun zamanı paylaşmağı, növbə gözləməyi, qaydalara əməl etməyi, fikir ayrılıqlarını həll etməyi və empatiya qurmağı öyrənirlər. Bu bacarıqlar ekran qarşısında deyil, canlı ünsiyyət zamanı daha effektiv formalaşır. Virtual mühitdən müəyyən qədər uzaqlaşan uşaqların dostluq münasibətləri də daha möhkəm olur. Onlar qarşı tərəfin mimikasını, səs tonunu və emosiyalarını daha yaxşı anlayır, etibar qurmağı və sağlam münasibətlər inkişaf etdirməyi öyrənirlər. Bu isə gələcəkdə məktəb mühitinə, kollektivə və ümumilikdə cəmiyyətə uyğunlaşmanı asanlaşdırır".
Psixoloq deyib ki, real həyatda aktiv oyun və fiziki fəaliyyət uşaqların özünə inamını artırır, təşəbbüskarlığını gücləndirir və stressin azalmasına kömək edir:
"Açıq havada oynayan, idmanla məşğul olan və yaşıdları ilə vaxt keçirən uşaqlarda diqqət, problem həll etmə bacarığı və emosional sabitlik daha yüksək olur. Bu xüsusiyyətlər onların həm akademik uğuruna, həm də psixoloji sağlamlığına müsbət təsir göstərir. Bununla yanaşı, məqsəd uşaqları texnologiyadan tamamilə uzaqlaşdırmaq deyil. Müasir dövrdə rəqəmsal bacarıqlar da vacibdir. Əsas məsələ ekran vaxtı ilə real həyat arasında sağlam balans yaratmaqdır. Uşağın gündəlik həyatında ailə ilə ünsiyyət, yaşıdları ilə canlı oyun, idman, mütaliə və yaradıcı fəaliyyətlər kifayət qədər yer tutduqda texnologiya inkişafı dəstəkləyən vasitəyə çevrilir, sosial həyatın əvəzedicisi olmur. Bu baxımdan uşaqların virtual mühitdən müəyyən qədər uzaqlaşması onların sosial adaptasiyasını gücləndirəcək, dostluq münasibətlərini daha sağlam əsaslar üzərində formalaşdıracaq və gələcəkdə emosional cəhətdən daha dayanıqlı, ünsiyyət bacarıqları yüksək olan fərdlər kimi yetişmələrinə mühüm töhfə verəcək" , - deyə o qeyd edib.


