Türk müğənni Gülşən sosial şəbəkədə paylaşdığı video vasitəsilə onu təhqir etdiyini iddia etdiyi türk sənət musiqiçisi Umut Akyürekə qarşı 5 milyon Türkiyə lirəsi məbləğində mənəvi təzminat tələbi ilə məhkəməyə müraciət edib.
Demokrat.az xəbər verir ki, iddia ərizəsində Akyürekin gündəmdə qalmaq məqsədilə müğənninin məşhurluğundan istifadə etməyə çalışdığı bildirilib.
Umut Akyürekin qızı Mələk Bal Ertuğrulun babasının tabutu yanında çəkdiyi videonu "TikTok" hesabında paylaşması Türkiyə ictimaiyyətində geniş müzakirələrə səbəb olmuşdu.
Bundan sonra Umut Akyürek verdiyi açıqlamada müğənnilər Hadisə və Gülşəni tənqid edərək onların gənclərə mənfi nümunə olduqlarını iddia etmişdi. Ardınca Hadisə şəxsi hüquqlarının pozulduğunu əsas gətirərək Akyürekə qarşı 60 min lirə məbləğində mənəvi təzminat iddiası qaldırmışdı.
İndi isə Gülşən də şərəf və ləyaqətinin alçaldıldığını, təhqir olunduğunu bildirərək Umut Akyürekə qarşı 5 milyon lirə məbləğində mənəvi təzminat tələbi ilə məhkəməyə müraciət edib.
Gülşənin vəkili Emek Emre tərəfindən İstanbul Birinci İnstansiya Mülki Məhkəməsinə təqdim olunan iddia ərizəsində qeyd olunub ki, Umut Akyürek gündəmdə qalmaq məqsədilə müğənninin tanınmışlığından yararlanmağa çalışıb.
İddia ərizəsində deyilir:
"Umut Akyürekin qızının paylaşımına heç bir aidiyyəti olmayan, səhnə fəaliyyəti istisna olmaqla sakit və nümunəvi ailə həyatı yaşayan müvəkkilimi məsul göstərməsi əsassız və qanuna ziddir. O, müvəkkilimin mənəvi aləmini, ailə həyatını, həyat yoldaşını və azyaşlı övladını hədəfə alaraq onlara mənəvi zərər vurmağa və nüfuzuna xələl gətirməyə çalışıb. Bundan əlavə, Akyürekin qızı da müvəkkilimi özünə nümunə hesab etmədiyini bildirib. Cəmiyyət qarşısında nüfuzunu qəsdən hədəfə alan, açıq şəkildə təhqir edən və mənəvi rahatlığını pozan Umut Akyürekin 5 milyon lirə məbləğində mənəvi təzminat ödəməsinə qərar verilməsini xahiş edirik".
Bundan əvvəl Hadisənin də ona qarşı 60 min lirə məbləğində mənəvi təzminat iddiası qaldırmasından sonra Umut Akyürek sosial media hesabında paylaşım edərək bunları bildirib:
"Belə səviyyəsiz, bacarıqsız və yeganə sərmayəsi seksual imici olan insanlara meydanı buraxmayacağam. Xoşbəxtəm ki, mən seksuallıqla deyil, səsimlə tanınmışam. Hamınıza sonsuz təşəkkür edirəm".
Jalə Demokrat.az


