Quba rayonunda qəbirüstü ziyarət üstündə başlayan ailə mübahisəsi məhkəmə zalında başa çatıb. Hadisə rayonun Zərdabi qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini Emin evdə həyat yoldaşı Zəhra ilə (adlar şərtidir) mübahisə edərək ona fiziki xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə mübahisəyə səbəb qadının qəbirüstü ziyarətə getmək üçün vaxtında hazırlaşmaması olub. Əsəbiləşən ər həyat yoldaşının qolundan sıxaraq bədəninin müxtəlif nahiyələrinə, xüsusən də belinə zərbələr vurub. Faktla bağlı Emin barəsində Cinayət Məcəlləsinin qəsdən sağlamlığa yüngül zərər vurma maddəsi ilə ittiham irəli sürülüb.
Məhkəmədə əməlini etiraf edən Emin ifadəsində bildirib:
“Amma Zəhra sözümə məhəl qoymadı. Bununla əlaqədar aramızda mübahisə yarandı. Mübahisə zamanı əsəbləşdim və arvadımın qolundan sıxdım, əlim ilə onun bədəninin müxtəlif nahiyyələrinə vuraraq xəsarət yetirdim”. Təqsirləndirilən şəxs mübahisənin təxminən 4-5 dəqiqə davam etdiyini, orada başqa şəxslərin olmadığını və zərərçəkmişlə barışdığını vurğulayıb.
Quba Rayon Məhkəməsinin hökmü ilə tərəflərin barışması nəzərə alınıb və Emin cinayət məsuliyyətindən azad edilib. İş üzrə icraata xitam verilib.


