Piylənmə və alkoqol qəbulunun eyni vaxtda təsiri ilə əlaqəli yeni qaraciyər xəstəliyi halları son illərdə kəskin artıb. Mütəxəssislər bunun ciddi ictimai sağlamlıq probleminə çevrildiyini bildirirlər.
Demokrat.az xəbər verir ki, söhbət metabolik pozğunluq və alkoqol istifadəsi ilə əlaqəli qaraciyər xəstəliyindən (MetALD) gedir. Bu xəstəlik piylənmə, şəkərli diabet və digər metabolik pozğunluqlar fonunda alkoqol qəbulunun qaraciyərə mənfi təsirini daha da gücləndirməsi nəticəsində yaranır.
Həkimlərin sözlərinə görə, artıq çəki və ya piylənməsi olan şəxslər müntəzəm spirtli içki qəbul etdikdə qaraciyərdə piylənmə, iltihab və çapıqlaşma riski əhəmiyyətli dərəcədə artır. Xəstəlik uzun müddət heç bir əlamət verməyə bilər və çox vaxt yalnız qaraciyərdə ciddi zədələnmə baş verdikdən sonra aşkar olunur.
Mütəxəssislər hesab edirlər ki, sağlam qidalanma, normal bədən çəkisinin qorunması, alkoqol qəbulunun məhdudlaşdırılması və risk qrupuna daxil olan şəxslərin mütəmadi tibbi müayinədən keçməsi xəstəliyin qarşısının alınmasında əsas amillərdir.
Jalə Demokrat.az


