Sağlamlıq Özəl

40 yaşdan yuxarı qadınlar üçün dörd vacib müayinə — Kardioloq açıqladı

40 yaşdan yuxarı qadınlar üçün dörd vacib müayinə — Kardioloq açıqladı

Sağlamlığın qorunmasına gənc yaşlardan başlamaq vacibdir. Yaş artdıqca isə həkimlər profilaktik müayinələrin əhəmiyyətinin daha da artdığını vurğulayırlar.

Demokrat.az xəbər verir ki, Böyük Britaniyanın "Express" nəşrinə danışan Londonda fəaliyyət göstərən profilaktik kardioloq və Milli Kardiologiya Klinikasının təsisçisi Françesko Lo Monako qadınların ürək-damar sağlamlığını qorumaq üçün hansı müayinələrdən mütləq keçməli olduqlarını izah edib.

Onun sözlərinə görə, ürək-damar xəstəlikləri qadınlar arasında ölümün əsas səbəblərindən biridir. Buna baxmayaraq, bir çox qadın bu xəstəliklər baxımından risk qrupuna daxil olduğunu bilmir.

Mütəxəssisin fikirləri Böyük Britaniyanın Ürək Fondunun (BHF) məlumatları ilə də üst-üstə düşür. Qurumun hesabatlarında qeyd olunur ki, işemik ürək xəstəliyi ürək tutmalarının (infarktların) əsas səbəbidir. Qadınlar isə çox vaxt xəstəliyin əlamətlərini ya diqqətdən kənarda qoyur, ya da onların kişilərlə müqayisədə daha zəif olduğunu düşünürlər.

Həkim bildirir ki, müntəzəm müayinələr xəstəlikləri simptomlar yaranmazdan əvvəl aşkar etməyə imkan verir və infarktın, insultun, eləcə də digər ürək-damar xəstəliklərinin qarşısını almağa kömək edir.

Françesko Lo Monakonun sözlərinə görə, aşağıdakı dörd müayinə 40 yaşdan yuxarı bütün qadınlar üçün vacibdir. Ailəsində erkən yaşlarda ürək-damar xəstəlikləri müşahidə olunan, hamiləlik ağırlaşmaları keçirən, autoimmun xəstəlikləri və ya polikistik yumurtalıq sindromu olan qadınlara isə bu müayinələrə daha erkən başlamaq tövsiyə edilir.

Arterial təzyiq

Kardioloqun sözlərinə görə, arterial təzyiqin ölçülməsi ürək-damar sağlamlığının qiymətləndirilməsi üçün ən vacib müayinələrdən biridir. Yüksək qan təzyiqi hipertoniyanın əlaməti ola bilər. Bu vəziyyət zamanla damarların zədələnməsinə səbəb olaraq infarkt və insult riskini artırır.

Həkim vurğulayır ki, yüksək qan təzyiqi çox vaxt heç bir əlamət vermir. Buna görə də təzyiq ən azı ildə bir dəfə, göstəricilər yüksək və ya sərhəd həddində olduqda isə daha tez-tez yoxlanmalıdır.

Lipid profili

Lipid profili qanda xolesterin və digər yağ göstəricilərinin səviyyəsini müəyyən edən analizdir. Xüsusilə LDL xolesterinin yüksək olması ürək-damar xəstəlikləri riskini artırır.

Françesko Lo Monako qeyd edir ki, nəticələr normal olduqda bu analiz hər beş ildən bir, risk yüksək olduqda və ya göstəricilər normadan kənara çıxdıqda isə daha tez-tez aparılmalıdır.

Qlükoza və qlikozilləşmiş hemoqlobin

Aclıq qan şəkəri və qlikozilləşmiş hemoqlobin (HbA1c) analizləri şəkərli diabet və prediabetin aşkarlanmasında istifadə olunur.

Həkimin tövsiyəsinə görə, nəticələr normal olduqda bu müayinələr hər üç ildən bir aparılmalıdır. Prediabet diaqnozu qoyulan və ya yüksək risk qrupuna daxil olan şəxslər isə bu analizləri hər il verməlidirlər.

Bədən kütlə indeksi

Bədən kütlə indeksinin (BKİ) hesablanması insanın bədən çəkisinin boyuna uyğun olub-olmadığını qiymətləndirməyə kömək edir.

Kardioloq əlavə olaraq ildə bir dəfə bel çevrəsinin ölçülməsini də tövsiyə edir. Onun sözlərinə görə, qadınlarda bel çevrəsi 88 santimetrdən çox olduqda ürək-damar xəstəliklərinin inkişaf riski artır.

Əsas risk amilləri

Ekspert ürək-damar xəstəlikləri riskini artıran əsas amillər kimi aşağıdakıları sadalayır:

* yüksək qan təzyiqi; * yüksək xolesterin; * şəkərli diabet; * siqaret çəkmək; * piylənmə; * oturaq həyat tərzi; * irsi meyillilik.

Bundan əlavə, qadınlara xas olan və çox vaxt diqqətdən kənarda qalan risk amilləri də mövcuddur. Bunlara preeklampsiya və hestasion diabet kimi hamiləlik ağırlaşmaları, erkən menopauza, polikistik yumurtalıq sindromu, autoimmun xəstəliklər və süd vəzi xərçəngi ilə bağlı müalicə keçmişi daxildir.

Mütəxəssis vurğulayır ki, xroniki stress, depressiya, narahatlıq, keyfiyyətsiz yuxu və xroniki iltihabi xəstəliklər də ürək-damar riskinin qiymətləndirilməsi zamanı nəzərə alınmalıdır.

İnfarktın diqqətdən qaçan əlamətləri

Françesko Lo Monako bildirir ki, qadınlar çox vaxt infarktın bəzi əlamətlərini ciddi qəbul etmirlər.

Onun sözlərinə görə, səbəbi bilinməyən və uzun müddət davam edən güclü yorğunluq, xüsusilə nəfəs darlığı, ürəkbulanma və ya bədənin yuxarı hissəsində narahatlıq hissi ilə müşayiət olunursa, diqqətdən kənarda qoyulmamalıdır.

Həkim belə hallarda ailə həkiminə müraciət etməyi, simptomlar qəfil başlayarsa, şiddətlənərsə və ya infarktdan şübhə yarandıqda isə dərhal təcili tibbi yardım çağırmağı tövsiyə edir.

Bundan başqa, nəfəs darlığı, çənədə, boyunda, çiyində, beldə və ya qarının yuxarı hissəsində ağrı, ürəkbulanma və ya qusma, başgicəllənmə, huşunu itirmə hissi, soyuq tər və insanın özündə ciddi problem olduğunu hiss etməsi də təxirəsalınmaz tibbi qiymətləndirmə tələb edən əlamətlər hesab olunur.

Jalə Demokrat.az

D
demokrat.az