Almaniyalı milyarder Fridhelm Lox dünyanın ən təsirli avtomobil kolleksiyalarından birinə sahibdir. Bu kolleksiya Milli Avtomobil Muzeyində saxlanılır.
Demokrat.az xəbər verir ki, "Supercar Blondie" nəşrinin yazdığına görə, kolleksiyada nadir retro avtomobillərdən tutmuş müasir hiperkarlaradək müxtəlif dövrlərə aid unikal modellər yer alır. Burada hətta dünyada cəmi bir nüsxəsi mövcud olan avtomobillər də nümayiş etdirilir. Kolleksiyada əfsanəvi "Bugatti" və "Ferrari" markaları ilə yanaşı, avtomobil tarixində mühüm yer tutan onlarla model də var.
Nəşr bildirir ki, bu unikal ekspozisiyanı eksklüziv superkar sınaqları və icmalları ilə tanınan "Daily Driven Exotics" "YouTube" kanalının komandası ziyarət edib. Bloqerlər qeyd ediblər ki, hətta onlar üçün də kolleksiyanın səviyyəsi gözləntiləri üstələyib.
Kolleksiyanın ən qədim avtomobili 1895-ci ildə istehsal olunub və dünyanın ilk avtomobillərindən biri hesab edilir. Onun işıqlandırılması üçün müasir faralar deyil, şamlardan istifadə olunurdu.
Erkən avtomobil texnologiyalarını əks etdirən digər maraqlı eksponatlardan biri isə 1906-cı ilə aid modeldir. Ferdinand Porşenin hazırladığı elektrik təkər qovşaqları ilə təchiz olunan bu avtomobil tarixdə ilk hibrid avtomobillərdən biri sayılır.
Kolleksiyada ABŞ-yə köçmüş alman əsilli Dyuzenberq qardaşlarının istehsal etdiyi nadir "Duesenberg" modeli də yer alır. XX əsrin əvvəllərində bu avtomobilin qiyməti təxminən 20 min ABŞ dolları idi. Həmin dövrdə orta illik gəlirin cəmi 400 dollar civarında olduğunu nəzərə alsaq, bu, olduqca böyük məbləğ hesab olunurdu.
Retro avtomobillərdən hiperkarlaradək
Kolleksiyanın müasir hissəsi də az təsir bağışlamır. Burada "Maybach Exelero", "Maybach 57 SC", "McLaren P1", "Koenigsegg Jesko" və "Ferrari Daytona SP3" kimi nadir hiperkarlar nümayiş etdirilir.
Bundan başqa, kolleksiyada bu günədək qorunub saxlanılan sonuncu "Mercedes-Benz CLR", eləcə də "Formula-1" bolidləri var. Onların arasında əfsanəvi alman pilotu Mixael Şumaxerin 2004-cü il mövsümündə istifadə etdiyi, karyerasının ən uğurlu bolidlərindən biri də yer alır.
Xüsusi diqqət çəkən eksponatlardan biri də avtoidman əfsanəsi Niki Lauda tərəfindən imzalanmış 1974-cü il istehsalı "Ferrari" bolididir.
"Daily Driven Exotics" komandasının sözlərinə görə, bu səviyyədə və bu qədər tarixi əhəmiyyətə malik yarış avtomobillərinin bir arada toplandığı kolleksiyalara dünyada çox nadir hallarda rast gəlinir.
Bloqerlər bildiriblər ki, "belə səviyyədə qorunub saxlanılmış əfsanəvi avtomobilləri dünyanın başqa bir yerində görmək demək olar ki, mümkün deyil".
Son illərdə bu cür möhtəşəm avtomobil kolleksiyaları "YouTube" platforması sayəsində daha çox diqqət çəkir. Məşhur bloqerlər milyarderlərin qapalı qarajlarına giriş əldə edərək dəyəri on milyonlarla dollarla ölçülən nadir avtomobilləri izləyicilərə təqdim edirlər.





Jalə Demokrat.az


