Bu barədə ispaniyalı kardioloq Aurelio Roxas "20minutos" nəşrinə müsahibəsində danışıb.Kefirin tərkibindəki probiotiklər, xüsusilə gecə tez-tez oyanan insanlarda yuxunun keyfiyyətinin yaxşılaşmasına kömək edə bilər.
Həkimin sözlərinə görə, kefir bağırsaq mikrobiotasının tarazlığını dəstəkləyən canlı mikroorqanizmlərlə zəngindir. Bu isə bağırsaq və beyin arasında qarşılıqlı əlaqəni təmin edən, yuxu da daxil olmaqla bir sıra mühüm proseslərin tənzimlənməsində rol oynayan "bağırsaq–beyin oxu"na müsbət təsir göstərə bilər.
Roxas potensial faydanı artırmaq üçün kefiri qırmızı giləmeyvələr, kivi və ya alma ilə birlikdə qəbul etməyi tövsiyə edib. O bildirib ki, kefirin tərkibindəki zülallar və yağlar meyvə və giləmeyvələrdə olan karbohidratların mənimsənilməsini ləngidir. Bu da gecə saatlarında qanda qlükoza səviyyəsinin kəskin dəyişməsinin qarşısını almağa kömək edə bilər.
Həkim axşam saatlarında şəkər miqdarı yüksək olan banan, üzüm, manqo və ananas kimi meyvələrdən uzaq durmağı da məsləhət görüb.
"Bu meyvələrin tərkibindəki yüksək şəkər miqdarı yuxululuq hissi yaratsa da, eyni zamanda gecə oyanmalarının və yuxunun bölünməsinin riskini artıra bilər", – deyə həkim xəbərdarlıq edib.
Bununla yanaşı, Roxas vurğulayıb ki, bu qida kombinasiyası yalnız yüngül yuxu pozuntularında müəyyən fayda verə bilər və dərman müalicəsini əvəz etmir. O qeyd edib ki, bağırsaq mikrobiotasının yuxuya təsiri ilə bağlı araşdırmalar davam etsə də, kefirin yuxusuzluğun müalicəsində effektivliyi genişmiqyaslı, nəzarətli elmi tədqiqatlarla hələ təsdiqlənməyib.


