“SpaceX”in süni intellekt yönümlü, smart telefona bənzər bir cihaz üzərində işlədiyi iddiası texnologiya dünyasında qısa zamanda gündəm olub. Lakin İlon Mask investorlar qarşısında göstərildiyi iddia edilən prototip xəbərlərini “tamamilə yanlış” sözləri ilə təkzib edib.
Demokrat.az xəbər verir ki, “Wall Street Journal”ın (“WSJ”) məlumatına görə, şirkət “xAI” texnologiyalarını mərkəzə alan, əldə daşına bilən və telefona bənzər bir cihaz üzərində işləyirdi.
WSJ-nin iddiasına əsasən, “SpaceX” iyun ayında keçirilən investor görüşü zamanı bəzi investorlara əldə daşına bilən, telefona bənzər prototip nümayiş etdirib. Məlumata görə, cihazın “iPhone”dan daha incə dizayna sahib olduğu və “Qualcomm Snapdragon” prosessoru ilə işlədiyi iddia edilib.
Bundan başqa, cihazın “SpaceX” tərəfindən hazırlanmış süni intellekt əsaslı xüsusi əməliyyat sistemi istifadə etdiyi və “xAI”ın “Grok” adlı süni intellekt köməkçisi ilə inteqrasiya olunduğu da irəli sürülüb. Lakin cihazın hansı məqsədlə istifadə olunacağı və ya kommersiya satışına çıxarılıb-çıxarılmayacağı barədə rəsmi məlumat verilməyib.
Bu telefonabənzər cihaz iddiası “SpaceX”in mobil rabitə sahəsində mümkün planlarının müzakirə olunduğu dövrə təsadüf edib. Son məlumatlara görə, “SpaceX” əməliyyat direktoru Gwynne Shotwell investorlara şirkətin ABŞ-da “Starlink” peyk şəbəkəsinə qoşulan mobil xidmət üzərində düşündüyünü bildirib.
Bəzi analitiklər isə “SpaceX”in gələcəkdə “T-Mobile” şirkətini ala biləcəyi ehtimalını da gündəmə gətirir. Şirkətin hazırda gəlir gətirən yeganə əsas biznes istiqamətinin “Starlink” olduğu qeyd edilir.
İlon Mask isə yayılan iddialara qısa cavab verərək bu xəbəri “tamamilə yanlış” adlandırıb və “SpaceX”in belə bir cihazı investorlar üçün təqdim etmədiyini bildirib.
Jalə Demokrat.az


