Uşaqların sosial platformalarda yaş məhdudiyyətini saxta məlumatlarla keçməsi valideynlər və mütəxəssislər üçün narahatlıq doğurur. Rəqəmsal təhlükəsizliyin təmin edilməsi üçün yaşın düzgün yoxlanılması və nəzarət mexanizmləri getdikcə daha çox əhəmiyyət qazanır. Bəs uşaqların platformalarda saxta təvəllüdlərlə hesab açmasının qarşısını almaq üçün hansı rəqəmsal yaş verifikasiyası alətlərimövcuddur?
Mövzu ilə bağlı İT mütəxəssisi Fərid Kərim Demokrat.az-a bildirib ki, müasir dövrdə uşaqların sosial şəbəkələrdə və müxtəlif rəqəmsal platformalarda saxta təvəllüd məlumatlarından istifadə etməsi qlobal miqyasda ən ciddi kibertəhlükəsizlik və rəqəmsal təhlükəsizlik problemlərindən biri hesab olunur:
"Texnologiyanın inkişafı bir tərəfdən uşaqların məlumat əldə etmək imkanlarını genişləndirsə də, digər tərəfdən onların yaş məhdudiyyətlərini asanlıqla keçməsinə şərait yaradır. Təcrübə göstərir ki, hazırda əksər sosial platformalarda istifadəçinin qeyd etdiyi doğum tarixinin həqiqiliyini dərhal və yüz faiz dəqiqliklə yoxlamaq mümkün deyil.
Bu səbəbdən dünyanın bir çox ölkələrində və iri texnologiya şirkətlərində müxtəlif rəqəmsal verifikasiya və yaş təsdiqləmə mexanizmlərinin tətbiqinə başlanılıb. Bunlardan biri süni intellekt əsaslı yaş təyinetmə sistemləridir. Bu texnologiyalar istifadəçinin foto və ya video görüntüləri, davranış xüsusiyyətləri və platformadakı aktivliyi əsasında onun təxmini yaş kateqoriyasını müəyyən etməyə çalışır. Əgər sistem istifadəçinin göstərdiyi yaş ilə real yaş arasında uyğunsuzluq aşkar edərsə, hesabın fəaliyyəti məhdudlaşdırıla və ya əlavə yoxlamaya göndərilə bilər".
Mütəxəssis deyib ki, mühüm vasitələrdən biri rəqəmsal identifikasiya və yaş təsdiqləmə sistemləridir:
"Bir sıra ölkələrdə istifadəçilərin elektron şəxsiyyət vəsiqələri, dövlət identifikasiya sistemləri və ya xüsusi yaş təsdiqləmə platformaları vasitəsilə qeydiyyatdan keçməsi praktikası tətbiq olunur. Bu yanaşma saxta hesabların yaradılmasının qarşısının alınmasında daha effektiv hesab edilir.
Bununla yanaşı, valideyn nəzarəti texnologiyaları da mühüm rol oynayır. Müasir valideyn nəzarəti proqramları vasitəsilə uşaqların hansı platformalara daxil olduğu, nə qədər vaxt keçirdiyi, hansı məzmunlarla qarşılaşdığı və hansı tətbiqlərdən istifadə etdiyi izlənilə bilir. Bu sistemlər valideynlərə riskləri əvvəlcədən müəyyən etməyə imkan verir. Lakin etiraf etmək lazımdır ki, hazırda dünyada uşaqların saxta təvəllüdlə hesab açmasının qarşısını yüz faiz alan universal texnoloji həll mövcud deyil. Çünki texnologiya inkişaf etdikcə məhdudiyyətlərin aşılması üsulları da təkmilləşir. Buna görə də problemin həlli yalnız texniki vasitələrdən deyil, həm də hüquqi tənzimləmə, platformaların məsuliyyətinin artırılması, valideyn nəzarəti və uşaqların rəqəmsal savadlılığının gücləndirilməsindən keçir.
Hesab edirəm ki, gələcəkdə süni intellekt texnologiyalarının daha da inkişafı ilə yaş təsdiqləmə sistemlərinin dəqiqliyi artacaq. Bununla yanaşı, sosial media platformalarının istifadəçi təhlükəsizliyi ilə bağlı məsuliyyətinin artırılması, dövlət qurumları ilə texnologiya şirkətləri arasında əməkdaşlığın genişləndirilməsi və ailə institutunun bu prosesdə fəal iştirakının təmin edilməsi uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinin qorunması baxımından həlledici əhəmiyyət daşıyacaq" ,- deyə o qeyd edib.


