Yüksək gəlirli ölkələrdə aparılan yeni araşdırma göstərib ki, 40 yaşdan yuxarı piylənməsi olan şəxslərdə qan təzyiqi və xolesterin göstəriciləri normal bədən kütlə indeksinə malik insanlarla müqayisədə getdikcə daha çox yaxınlaşır. Alimlər bunun əsas səbəblərindən biri kimi xolesterini azaldan preparatlardan və təzyiq dərmanlarından daha geniş istifadəni göstərirlər.
Demokrat.az xəbər verir ki, "The Lancet" jurnalında dərc olunan tədqiqatda yüksək bədən kütlə indeksinə malik şəxslərlə normal bədən kütlə indeksinə malik insanların qan təzyiqi, xolesterin səviyyələri və bu göstəricilərlə bağlı dərman istifadəsi müqayisə edilib.
Araşdırmanın nəticələrinə görə, yüksək gəlirli ölkələrdə yaşayan 40 yaşdan yuxarı piylənməsi olan şəxslərdə qan təzyiqi və xolesterin göstəriciləri zaman keçdikcə normal bədən kütlə indeksinə malik insanların göstəricilərinə daha çox yaxınlaşıb.
Tədqiqatçılar hesab edirlər ki, bu tendensiya piylənməsi olan 40 yaşdan yuxarı insanlarda statinlər kimi xolesterinsalıcı preparatların və arterial təzyiqi tənzimləyən dərmanların daha geniş tətbiqi ilə əlaqədardır.
Bununla yanaşı, araşdırmada 40 yaşdan aşağı şəxslər arasında qan təzyiqi və xolesterin göstəricilərində belə bir yaxınlaşmanın müşahidə edilmədiyi qeyd olunub. Alimlərin fikrincə, bunun səbəbi gənc yaş qruplarında bu dərmanlardan istifadənin daha az yayılmasıdır.
Mütəxəssislər vurğulayırlar ki, ürək-damar sistemi ilə bağlı bəzi risk göstəricilərinin azalmasına baxmayaraq, piylənmə ilə əlaqəli digər sağlamlıq problemləri hələ də aktuallığını qoruyur.
Tədqiqat müəlliflərinin sözlərinə görə, şəkərli diabet, böyrək və qaraciyər xəstəlikləri, eləcə də müxtəlif növ xərçənglərin inkişaf riski piylənməsi olan şəxslərdə yüksək olaraq qalır. Buna görə də yalnız qan təzyiqi və xolesterin göstəricilərinin yaxşılaşması piylənmənin sağlamlıq üçün yaratdığı ümumi təhlükənin aradan qalxdığı anlamına gəlmir.
Jalə Demokrat.az


