Sağlamlıq Özəl

Qarın nahiyəsindəki piylər beyini necə qocaldır?

Qarın nahiyəsindəki piylər beyini necə qocaldır?

Orta yaşlarda qarın piylənməsi gələcəkdə Altsheymer xəstəliyinə tutulma riskini artıra bilər. Norveçli alimlərin uzunmüddətli araşdırması bu nəticəyə gəlməyə əsas verir.

Demokrat.az xəbər verir ki, araşdırma Norveçin Milli Yaşlanma və Sağlamlıq Mərkəzinin tədqiqatçıları tərəfindən aparılıb.

Mütəxəssislərin sözlərinə görə, xüsusilə qarın nahiyəsində toplanan piy toxuması sonrakı yaşlarda Altsheymer xəstəliyi ilə əlaqəli bioloji dəyişikliklərlə əlaqələndirilə bilər.

Tədqiqat zamanı alimlər iştirakçıların bel çevrəsinin boy uzunluğuna nisbətini qiymətləndiriblər. Məlum olub ki, orta yaşda bel çevrəsi boyunun yarısından çox olan şəxslərin qanında Altsheymer xəstəliyi ilə əlaqəli p-tau217 biomarkerinin səviyyəsi daha yüksək olub. Bu biomarker beyində Altsheymer xəstəliyinə xas dəyişikliklərin erkən göstəricilərindən biri hesab olunur.

Araşdırma 1984-cü ildən davam edən HUNT sağlamlıq layihəsi çərçivəsində aparılıb. Tədqiqatda 70 yaşdan yuxarı təxminən 9 min nəfərin məlumatları təhlil edilib. Alimlər eyni şəxsləri 35–40 il ərzində izləyərək onların bədən çəkisi və bel çevrəsində baş verən dəyişiklikləri qiymətləndiriblər.

Tədqiqatın diqqətçəkən nəticələrindən biri yaşlı insanlarda fərqli mənzərənin müşahidə olunmasıdır. Belə ki, yaşlı yaşlarda yüksək bədən kütlə indeksi və qarın piylənməsi Altsheymer biomarkerinin daha aşağı səviyyəsi ilə əlaqələndirilib.

Tədqiqatçılar bunu yaşlılıq dövründə çəki itkisinin bəzən artıq başlamış xəstəlik prosesinin əlaməti olması ilə izah edirlər.

Bununla yanaşı, alimlər vurğulayırlar ki, bu müşahidə xarakterli tədqiqatdır və piylənmənin birbaşa Altsheymer xəstəliyinə səbəb olduğunu sübut etmir. Araşdırma yalnız bu amillər arasında əlaqənin mövcud olduğunu göstərir.

Mütəxəssislər hesab edirlər ki, orta yaşlarda sağlam bədən çəkisinin qorunması, xüsusilə qarın piylənməsinin qarşısının alınması gələcəkdə Altsheymer xəstəliyinə tutulma riskinin azalmasına kömək edə bilər.

Jalə Demokrat.az

D
demokrat.az