Azərbaycanda müxtəlif dövlət qurumlarının rəqəmsal xidmətlərinin vahid platformada birləşdirilməsi vətəndaşlar üçün əlçatanlığı və rahatlığı artırsa da, bu keçid texniki təhlükəsizlik baxımından bir sıra suallar doğurur. Onlarla fərqli dövlət qurumunun tətbiqlərinin eyni ekosistemə inteqrasiyası hansı riskləri yarada bilər və bu keçidin tam təhlükəsiz həyata keçirilməsi üçün sistem necə qurulmalıdır?
İnformasiya texnologiyaları üzrə mütəxəssis Fərid Əmirov Demokrat.az-a açıqlamasında deyib ki, ilk baxışdan bütün dövlət xidmətlərini bir mobil tətbiqdə toplamaq çox rahat görünür:
"Vətəndaş vergi, sosial təminat, səhiyyə, şəxsiyyət vəsiqəsi və digər xidmətlərdən bir proqram vasitəsilə istifadə edə bilər. Bu, həm vaxta qənaət edir, həm də dövlət xidmətlərini daha əlçatan edir. Lakin belə layihələrdə əsas məsələ xidmətləri bir platformada toplamaq deyil, onların təhlükəsiz və fasiləsiz işləməsini təmin etməkdir. Burada iki əsas risk mövcuddur. Birincisi, bütün xidmətlər eyni sistemdən asılı olduqda, mərkəzi sistemdə yaranan texniki problem eyni anda bir çox dövlət xidmətinin fəaliyyətini dayandıra bilər. İkincisi, platformaya qoşulan qurumlardan birində təhlükəsizlik zəifliyi olarsa, kibercinayətkarlar bundan istifadə edərək digər sistemlərə də keçməyə cəhd göstərə bilərlər. Buna görə də bütün qurumlarda yüksək təhlükəsizlik standartlarının təmin edilməsi vacibdir".
Ekspert deyib ki, bu riskləri azaltmaq üçün hər bir dövlət qurumunun sistemi mümkün qədər müstəqil işləməli, istifadəçilərin şəxsiyyəti etibarlı şəkildə yoxlanılmalı, şəxsi məlumatlar güclü üsullarla qorunmalı və sistemdə aparılan bütün əməliyyatlar qeydiyyata alınmalıdır:
"Bu yanaşma həm məlumatların təhlükəsizliyini artırır, həm də mümkün sui-istifadə hallarının vaxtında aşkarlanmasına imkan verir. Sevindirici haldır ki, son illər Azərbaycanda dövlət xidmətlərinin rəqəmsallaşdırılması istiqamətində mühüm nailiyyətlər əldə olunub. Elektron xidmətlərin inkişafı və rəqəmsal həllərin tətbiqi göstərir ki, bu istiqamətdə işlər peşəkar yanaşma əsasında həyata keçirilir və beynəlxalq təcrübə nəzərə alınır. Qısacası, vahid dövlət mobil tətbiqi vətəndaşlara böyük rahatlıq gətirə bilər. Lakin bu rahatlığın uzunmüddətli və etibarlı olması üçün təhlükəsizlik və dayanıqlılıq hər zaman əsas prioritet olmalıdır" , - deyə o qeyd edib.


