Sağlamlıq Özəl

Çiyələk qanda şəkərin səviyyəsinə necə təsir edir? — 5 mümkün variant

Çiyələk qanda şəkərin səviyyəsinə necə təsir edir? — 5 mümkün variant

Çiyələk lif, vitaminlər və polifenollarla zəngindir. Eyni zamanda onun tərkibində təbii şəkərin miqdarı nisbətən azdır.

Demokrat.az xəbər verir ki, bu barədə diuetoloq Conatan Pertell tərəfindən elmi baxımdan yoxlanılmış "Verywell Health" nəşri yazıb.

"Nutrients" jurnalında dərc olunmuş araşdırmaya görə, çiyələk istehlakı əksər insanlarda qanda şəkərin səviyyəsinə əhəmiyyətli təsir göstərmir. Bununla yanaşı, prediabeti və ya insulinə qarşı müqaviməti olan şəxslərdə bəzi metabolik göstəricilərin yaxşılaşmasına kömək edə bilər.

Nəşrin yazdığına görə, çiyələyin qanda şəkərin səviyyəsinə necə təsir etdiyini bilmək onu gündəlik qidalanmaya düzgün daxil etməyə kömək edir. Məqalədə çiyələk istehlakının beş mümkün təsiri sadalanır.

1. Qanda şəkərin cüzi yüksəlməsi

Çiyələyin qlisemik indeksi təxminən 25-dir və o, aşağı qlisemik indeksli meyvələrə aiddir. Qlisemik indeks məhsulun qanda şəkərin səviyyəsini nə qədər sürətlə artırdığını göstərir. Buna görə də çiyələk adətən qlükoza səviyyəsində kəskin artıma səbəb olmur.

Bunun əsas səbəbi onun tərkibidir: çiyələyin təxminən 91 faizi sudan, cəmi 7,7 faizi isə karbohidratlardan ibarətdir.

Bundan əlavə, çiyələk həzmi ləngidən liflə zəngindir. Bu isə şəkərin qana daha tədricən keçməsinə və qlükoza səviyyəsində kəskin dəyişikliklərin qarşısının alınmasına kömək edir.

2. Yeməkdən sonra qanda şəkərin səviyyəsinə daha yaxşı nəzarət

"Molecular Nutrition & Food Research" jurnalında dərc olunmuş araşdırma göstərib ki, çiyələk insulinə həssaslığı artıra bilər. Bu göstərici hüceyrələrin insulinə nə dərəcədə effektiv cavab verdiyini və qlükozanı qandan mənimsəmə qabiliyyətini əks etdirir.

Bu təsirin əsas səbəbi antosianlar, xüsusilə də çiyələyə qırmızı rəng verən pelarqonidin piqmentidir.

"Food & Function" jurnalında dərc olunmuş digər araşdırma göstərib ki, çiyələkdəki antosianlar qəbul edildikdən sonra orqanizm tərəfindən sürətlə mənimsənilir. Bu maddələr bir neçə saat ərzində aktiv təsir göstərərək, xüsusilə çiyələk əsas yeməkdən əvvəl istehlak edildikdə, yeməkdən sonra yaranan iltihabi proseslərin azalmasına kömək edə bilər.

3. Prediabet zamanı bəzi göstəricilərin yaxşılaşması

İnsulinə qarşı müqavimət hüceyrələrin insulinə zəif cavab verməsi ilə xarakterizə olunan vəziyyətdir. Bu hal zamanla prediabetə, daha sonra isə şəkərli diabetə səbəb ola bilər.

Prediabeti, insulinə qarşı müqaviməti, metabolik sindromu və ya digər kardiometabolik risk faktorları olan şəxslərin iştirakı ilə aparılmış klinik tədqiqatlar göstərir ki, çiyələyin müntəzəm istehlakı insulinə həssaslığı artırmağa və qanda şəkərin səviyyəsinin daha effektiv idarə olunmasına kömək edə bilər.

Piylənməsi və LDL ("pis") xolesterinin səviyyəsi yüksək olan böyüklərin iştirakı ilə aparılmış araşdırmada yüksək dozada sublimasiya olunmuş çiyələk qəbul edən prediabetli şəxslərdə qanda şəkərə nəzarət, insulin səviyyəsi, insulinə qarşı müqavimət, acqarına qlükoza, HbA1c və ümumi xolesterin göstəriciləri nəzarət qrupu ilə müqayisədə əhəmiyyətli dərəcədə yaxşılaşıb.

Bu nəticələr 12 həftə ərzində gündə 32 qram sublimasiya olunmuş çiyələk qəbul edən iştirakçılar arasında müşahidə olunub. Bu miqdar təxminən 2,5 porsiya təzə çiyələyə bərabər hesab edilir.

4. Təsir yalnız müntəzəm istehlak zamanı müşahidə olunur

Nəşr qeyd edir ki, prediabetli şəxslərin iştirak etdiyi 12 həftəlik araşdırmada çiyələyin müntəzəm qəbulu qanda qlükoza göstəricilərinin yaxşılaşması ilə müşayiət olunub. Lakin çiyələk qəbulu dayandırıldıqdan sonra bu müsbət təsir tədricən zəifləyib.

Bu isə göstərir ki, müşahidə olunan faydanın qorunması üçün çiyələyin müntəzəm istehlakı vacibdir.

Nəşr vurğulayır ki, çiyələk sağlam qidalanmanın bir hissəsi kimi qanda qlükoza səviyyəsinə müsbət təsir göstərə bilər. Bununla belə, o, sübut olunmuş müalicə üsullarını əvəz etmir. Mövcud elmi məlumatlara görə, çiyələk yalnız əlavə qidalanma elementi hesab olunur və dərman müalicəsi ilə sağlam həyat tərzinin alternativi deyil.

5. Sağlam insanlarda təsiri hələ tam aydın deyil

Araşdırmalar çiyələyin qanda şəkərin tənzimlənməsi ilə bağlı problemləri olan insanlara fayda verə biləcəyini göstərsə də, sağlam insanlarda onun təsiri hələ tam müəyyən edilməyib.

Sağlam insanlarda orqanizm qanda şəkərin səviyyəsini onsuz da effektiv şəkildə tənzimlədiyi üçün nəzərəçarpacaq dəyişiklikləri müəyyən etmək daha çətindir. Bununla belə, mövcud məlumatlar çiyələyin sağlam insanlarda qanda şəkərə nəzarəti pisləşdirdiyini göstərmir.

Çiyələk və antosianlarla bağlı bəzi tədqiqatlarda acqarına qlükoza və insulin göstəricilərində əhəmiyyətli dəyişiklik qeydə alınmasa da, iltihab, oksidləşdirici stress, damarların vəziyyəti və qandakı yağların səviyyəsi kimi ürək-damar və maddələr mübadiləsi göstəricilərində müsbət təsirlər müşahidə olunub.

Jalə Demokrat.az

D
demokrat.az