Sosial Özəl

Çində bu peşəni də robotlar əvəzləməyə başladı — Açıqlama

Çində bu peşəni də robotlar əvəzləməyə başladı — Açıqlama

Çində 2027-ci ildə fəaliyyətə başlaması planlaşdırılan və tamamilə robotlar tərəfindən idarə olunacaq hotel layihəsi süni intellekt və avtomatlaşdırmanın əmək bazarına təsiri ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Qonaqların qarşılanmasından tutmuş təmizlik və təhlükəsizlik xidmətlərinə qədər bütün proseslərin robotlar tərəfindən həyata keçiriləcəyi bu layihə, gələcəkdə bir sıra peşələrin risk altına düşə biləcəyi ilə bağlı sualları aktuallaşdırır. Süni intellektin artıq insan əməyinə əsaslanan bir çox işi yerinə yetirməyə başlaması gələcəklə bağlı narahatlıqları artırır.

Bu proses əmək bazarı və cəmiyyət üçün nə dərəcədə təhlükəlidir və hansı peşələr daha çox risk altındadır?

İnsan resursları meneceri Röyal Əhmədov Demokrat.az-a açıqlamasında deyib ki, bu, süni intellektin və avtomatlaşdırmanın artıq nəzəri deyil, praktik mərhələyə keçdiyini göstərir:

Çində bu peşəni də robotlar əvəzləməyə başladı — Açıqlama

“Layihəyə əsasən qonaqların qarşılanması, otaqların təmizlənməsi, otaq servisi və təhlükəsizlik kimi xidmətlər robotlar tərəfindən həyata keçiriləcək. Bu isə əmək bazarının gələcəyi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Bu yenilik ilk baxışdan bir çox insan üçün narahatlıq yarada bilər. Çünki illərdir insanların gördüyü işlərin artıq texnologiyalar tərəfindən icra olunması "iş yerləri azalacaqmı?" sualını meydana çıxarır.

Mən hesab edirəm ki, süni intellekt əmək bazarı üçün təhlükədən daha çox böyük transformasiyadır. Tarix boyu texnologiya inkişaf etdikcə bəzi peşələr yox olub, amma eyni zamanda yeni peşələr də yaranıb. Bu dəfə də fərq yalnız dəyişimin daha sürətli baş verməsindədir”.

O qeyd edib ki, Azərbaycan əmək bazarı üçün də bu mövzu kifayət qədər aktualdır:

“Hazırda ölkəmizdə tam robotlaşdırılmış müəssisələr geniş yayılmasa da, bankçılıq, xidmət sektoru, insan resursları, mühasibatlıq, marketinq və müştəri xidmətləri kimi sahələrdə süni intellektdən istifadə sürətlə artır. Bu səbəbdən xüsusilə təkrarlanan və standart prosedurlardan ibarət işlər gələcəkdə daha çox risk altında olacaq. Məsələn, məlumatların daxil edilməsi, sadə operator xidmətləri, kassirlik, resepsion, ilkin müştəri dəstəyi, bəzi mühasibat əməliyyatları və standart hesabatların hazırlanması kimi vəzifələr artıq qismən avtomatlaşdırılır. Bu isə həmin peşələrin tam yox olacağı anlamına gəlmir. Sadəcə həmin vəzifələrdə çalışan şəxslərin yeni bacarıqlar qazanması vacib olacaq”.

O vurğulayıb ki, insan faktorunun əvəzolunmaz olduğu sahələr uzun müddət öz aktuallığını qoruyacaq:

“Müəllimlik, həkimlik, psixoloqluq, hüquq, rəhbərlik, strateji idarəetmə, satış, danışıqların aparılması və insan resurslarının bir çox istiqamətində empatiya, qərarvermə və emosional intellekt əsas rol oynadığı üçün bu peşələrdə insan amili hələ uzun illər ön planda qalacaq. Bu səbəbdən əsas məsələ süni intellektdən qorxmaq deyil, ona uyğunlaşmaqdır. Gələcəyin əmək bazarında ən dəyərli əməkdaş texnologiyanı rəqib kimi görən yox, onu işinin bir hissəsinə çevirə bilən şəxs olacaq. Kim yeni bacarıqlar öyrənəcək, rəqəmsal savadlılığını artıracaq və dəyişikliklərə uyğunlaşacaqsa, əmək bazarında da daha rəqabətli olacaq. Azərbaycan üçün də ən vacib məsələ bu gündən etibarən insanların yeni bacarıqlar qazanmasına, ixtisasartırmaya və ömür boyu öyrənmə mədəniyyətinin formalaşmasına investisiya etməkdir. Çünki gələcəyin əmək bazarında peşələrdən daha çox bacarıqlar rəqabət üstünlüyü yaradacaq”.

Leyla Turan

D
demokrat.az