Kriminal Özəl

"Səni məktəbdə döyəndə mən sənə kömək etmişəm" deməsi əsəbimə toxundu"

Səni məktəbdə döyəndə mən sənə kömək etmişəm deməsi əsəbimə toxundu

İmişli rayonunda 21 yaşlı oğlan tanışını bıçaqlayıb.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə İmişli şəhəri, Sevil Qazıyeva küçəsində yerləşən Heydər Əliyev adına parkda baş verib.

2005-ci il təvəllüdlü Sərxan həm özünün, həm də Ramalın dostu olan Nurlanla (adlar şərtidir – red.) Tikok sosial şəbəkəsində yaranmış mübahisəyə görə həmin gün saat 15 radələrində parkda görüşüb.

Bu zaman Sərxanla Ramal arasında şəxsi münasibətlər zəminində münaqişə yaranıb. Sərxan əvvəlcədən evdən götürdüyü və şalvarı ilə qarnı arasında gizlətdiyi bıçağı çıxararaq Ramala xəsarət yetirib.

Sərxanın barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə ifadə verən Sərxan elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, "Tik-Tok" sosial şəbəkəsində Nurlan adlı şəxslə arasında sözlü mübahisə yaranıb:

"Bundan sonra mübahisəni aydınlaşdırmaq üçün tanışlarımla birlikdə İmişli şəhərində yerləşən Mərkəzi Poçtun yanına Nurlanla görüşməyə getdim. Həmin vaxt həm mənim, həm də Nurlanın dostu olan Ramal da mənimlə birlikdə idi. Ramalla dost münasibətimiz olub. Ramalın Nurlanla da dost münasibəti var idi."

Təqsirləndirilən şəxs deyib ki, görüşdən sonra Ramalla arasında anlaşılmazlıq yaranıb və mübahisə başlayıb:

"Mübahisənin başlamasına səbəb əvvəllər orta məktəbin həyətində Ramala kömək etdiyimi deməyim və onun bu sözə əsəbiləşərək sərt reaksiya verməsi oldu. Mübahisə zamanı Ramal belindəki kəməri çıxararaq dəmir hissəsi ilə baş nahiyəmə zərbə vurdu. Bundan sonra əvvəlcədən evdən özümlə götürdüyüm mətbəx bıçağını çıxararaq Ramalın sol böyrü nahiyəsinə bir dəfə zərbə vurdum."

Təqsirləndirilən şəxs bildirib ki, hadisədən sonra bıçağı atıb, əmisi oğlu Talehlə birlikdə hadisə yerindən uzaqlaşaraq taksi ilə Bakı şəhərinə gedib:

"Lakin İmişli Rayon Polis Şöbəsinin əməkdaşlarının zəngindən sonra səhv etdiyimi başa düşdüm, dərhal geri qayıtdım və könüllü olaraq polis şöbəsinə gəldim. Hadisə məhz Ramalın mənə birinci hücum etməsi səbəbindən baş verib. Hazırda zərərçəkmiş şəxslə barışmışam. Törətdiyim əməldən səmimi peşmançılıq çəkirəm. Atam vəfat edib, anam xəstədir, bacım isə tələbədir. Özüm də səhv hərəkət etdiyimi başa düşürəm. Barəmdə aşağı həddə ədalətli cəza təyin edilməsini xahiş edirəm."

İş üzrə zərərçəkmiş Ramalın sözlərinə görə, Sərxanla digər dostu Nurlan arasındakı mübahisədən xəbər tutduqdan sonra onları barışdırmaq məqsədilə Mərkəzi Poçtun yanına gedib:

"Biz orada görüşdük. Nurlanla Sərxan aralarındakı problemi həll edərək barışdılar. Sonra birlikdə çay içməyə gedərkən körpünün yanında Sərxan mənə 'Səni məktəbdə döyəndə mən sənə kömək etmişəm' deyərək əsəblərimə toxundu və bu səbəbdən aramızda münaqişə yarandı. Münaqişə zamanı belimdəki kəməri çıxararaq dəmir hissəsi ilə onun sifətinə bir dəfə zərbə vurdum. Bu zaman Sərxan şalvarında gizlətdiyi mətbəx bıçağını çıxararaq sol döş qəfəsi nahiyəsinə bir dəfə zərbə vurdu. Daha sonra o, bıçağı yerə ataraq hadisə yerindən qaçdı. Mən isə aldığım zərbədən sonra yerə yıxıldım və ətrafdakıların çağırdığı təcili tibbi yardım briqadası ilə xəstəxanaya çatdırıldım."

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. Ona 4 il azadlıqdan məhrum etmə cəzası təyin olunub, cəza 2 il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilib.

Fariz Məlikli

D
demokrat.az