Azərbaycanın turizm potensialı kifayət qədər geniş olsa da, ölkəyə gələn turist axını hələ də mövsümi və regionlar üzrə qeyri-bərabər xarakter daşıyır. Rəqabətin gücləndiyi qlobal turizm bazarında Azərbaycana daha çox ziyarətçi cəlb etmək üçünkonkret hansı addımlar atılmalıdır?
Mövzu ilə bağlı turizm mütəxəssisi Rahib İsmayılov Demokrat.az-a bildirib ki, Azərbaycanın turizm bazarında illərdir dominantlıq edən turistlər əsasən Körfəz ölkələri, Pakistan və Hindistan bölgəsindən olan ziyarətçilər olub:
"Son illərdə bu siyahıya Rusiya və Türkiyəni də əlavə etmək olar. Lakin son dövrlərdə qlobal münaqişələr və hava şəraiti kimi amillərlə əlaqədar turist sayında əvvəlki illərlə müqayisədə ciddi azalmalar müşahidə olunur. Bu səbəbdən Azərbaycanın yeni turist bazarlarına çıxışı və yeni ziyarətçilərin cəlb edilməsi vacibdir.
Bunun üçün ilk növbədə beynəlxalq sərgilərdə iştirak genişləndirilməlidir. İstər dövlət səviyyəsində, istərsə də yerli turizm şirkətləri bu sərgilərdə fəal iştirak etməlidir və dövlət tərəfindən dəstək göstərilməlidir. Bu istiqamətdə atılacaq addımlar turist axınının artırılmasına töhfə verə bilər.
Bundan əlavə, ənənəvi turizm bazarları ilə yanaşı yeni bazarların da araşdırılması vacibdir. Xüsusilə Avropa ölkələri bu baxımdan prioritet ola bilər. Avropalı turistlərin ölkəyə daha çox cəlb edilməsi üçün Avropada təşkil olunan sərgilərdə iştirak mütləqdir".
Ekspert deyib ki, eyni zamanda daha az inkişaf etmiş, lakin potensialı yüksək olan bazarların da genişləndirilməsi mümkündür:
"Xüsusilə Çin və Cənub-Şərqi Asiya ölkələri bu istiqamətdə ön plana çıxır. Bu bazarlara çıxış üçün yerli şirkətlər vasitəsilə tanıtım işləri aparılmalı, həm dövlət, həm də turizm agentlikləri səviyyəsində həmin ölkələrin turizm qurumları ilə əməkdaşlıq qurulmalıdır.
Bundan başqa, Qazaxıstan və Özbəkistan kimi Orta Asiya ölkələrindən gələn turist axınının artırılması da mümkündür və bu istiqamətdə əməkdaşlığın dərinləşdirilməsi vacibdir. Amerika və Cənubi Amerika kimi uzaq bazarlar da nəzərdən keçirilə bilər, lakin uçuş məsafəsi və logistika səbəbindən bu istiqamət qısa və orta müddətdə daha az perspektivli görünür. Buna görə də əsas diqqət ənənəvi bazarlara, xüsusilə Avropa və Asiya regionlarına yönəldilməlidir.
Ümumilikdə, yerli şirkətlərin və dövlət turizm qurumlarının koordinasiyalı fəaliyyəti, beynəlxalq sərgilərdə aktiv iştirak və məqsədyönlü tanıtım kampaniyaları nəticəsində turist sayında artım əldə etmək mümkündür" , - deyə o qeyd edib.


