Xarici rəqəmsal platformaların Azərbaycanda cərimələnməsi və qanuna tabe edilməsi mexanizmi açıqlanıb. Yeni qaydalar platformaların həm gəlirlərini, həm də internet sürətini birbaşa hədəf alır.
Bununla bağlı hüquqşünas Rəhim Xoyski Demokrat.az-a bildirib ki, bu, daha mürəkkəb hüquqi məsələdir:
“Azərbaycanda aktivi və hüquqi mövcudluğu olmayan xarici hüquqi şəxsdən inzibati cəriməni birbaşa tutmaq praktiki olaraq mümkün deyil. Qanunvericilik bunu birbaşa icra deyil, pilləli təzyiq modeli ilə həll edir. Ola bilər ki, onlardan məcburi lokal təmsilçilik tələb olunsun. Xarici hüquqi şəxs olan provayder Azərbaycan ərazisində filial və ya nümayəndəlik yaratmalı, ona dövlət orqanları, fiziki və hüquqi şəxslərlə münasibətdə təmsil etmək səlahiyyəti verməlidir. Bu, həm tələblərin ünvanlandığı, həm də cərimənin icra oluna biləcəyi yerli hüquqi subyekt yaradır”.
Hüquqşünas deyib ki, reklam qadağası gətirilə bilər: “Maliyyə sanksiyasının tətbiqindən sonra 30 gün ərzində dövlət qeydiyyatı tələbi yerinə yetirilməzsə, səlahiyyətli orqan dövlət qurumlarına, habelə
Azərbaycanda vergi ödəyicisi olan fiziki və hüquqi şəxslərə həmin platformada reklam yerləşdirməsinin qadağan edilməsi barədə qərar qəbul edir. Bu, platformanın gəlir mənbəyinə vurulan iqtisadi təzyiqdir. məhkəmə vasitəsilə trafikin məhdudlaşdırılması da baş verə bilər. Qadağanın tətbiqindən sonra 90 gün ərzində qeydiyyat tələbi yenə yerinə yetirilməzsə, platformanın internet trafik həcminin 20% azaldılması üçün məhkəməyə müraciət edilir, məhkəmə müraciətə 5 gün ərzində baxıb qərar qəbul edir”.
Yəni, yerli ofisi olmayan xarici provayderlər qaydaları pozduqda əvvəlcə reklam gəlirlərindən məhrum ediləcək, daha sonra isə onların ölkədəki internet sürəti məhkəmə yolu ilə məhdudlaşdırılacaq.


