İqtisadiyyat Özəl

Kərə yağı niyə bahalaşır?

Kərə yağı niyə bahalaşır?

Son aylarda kərə yağının bahalaşması əsasən idxal rüsumlarının artırılması, dünya bazarında xammal xərclərinin yüksəlməsi və yerli istehsalın daxili tələbatı tam ödəməməsi ilə əlaqələndirilir. Bu artım istehlakçıların büdcəsinə əlavə yük gətirməklə yanaşı, ucuz və keyfiyyətsiz saxta məhsullarla bağlı narahatlıqları da artırır.

Bu barədə Demokrat.az-a danışan iqtisadçı İlqar Hüseynli bildirib ki, kərə yağının qiymətinin artmasına təsir edən bir sıra ciddi amillər mövcuddur:

Kərə yağı niyə bahalaşır?

“Burada həm istehsal xərcləri, həm gömrük rüsumlarındakı artımlar, həm də istehsalçı şirkətlərin qiymət siyasəti mühüm rol oynayır. Qlobal dəyişikliklər qaba yemlə təminata və mal-qaranın saxlanılması xərclərinin əhəmiyyətli dərəcədə artmasına səbəb olub. Qiymət artımına təsir edən əsas amillərdən biri də logistika sahəsində yaranan problemlərdir. Heyvandarlıq sektoru daşınma və təchizat zəncirindən ciddi şəkildə asılıdır və bu sahədə yaranan çətinliklər xərcləri artırır.”

O qeyd edib ki, fermerlərin istifadə etdiyi məhsulların, dərmanların və digər vasitələrin böyük hissəsi xaricdən idxal olunur:

“Hörmüz boğazında yaranan gərginlik, yük daşımalarında müşahidə olunan problemlər və beynəlxalq tədarük zəncirindəki çətinliklər istehsal xərclərinə birbaşa təsir göstərir. İstehsal xərcləri artdıqca, istehsalçılar da süd və süd məhsullarının qiymətlərini artırmağa məcbur qalırlar. Digər mühüm məsələ isə bazarda müşahidə olunan süni qiymət artımı və inhisarlaşmadır. Süd məhsulları, o cümlədən kərə yağının idxalını həyata keçirən müəyyən şirkətlər bazarda üstün mövqeyə malikdir. Bəzi hallarda bu şirkətlər inflyasiya amilini əsas gətirərək, iqtisadi əsaslar yetərli olmadan da qiymət artımına gedə bilirlər.

Kərə yağının bahalaşmasının əsas səbəbləri kimi istehsal xərclərinin artması, logistika problemləri, yem və ot qiymətlərinin yüksəlməsi, eləcə də bazardakı inhisarçı meyillər göstərilə bilər. Hətta ölkə daxilində istehsal olunan məhsulların belə bahalaşması fermerlərin üzləşdiyi artan xərclərlə birbaşa əlaqəlidir”.

Leyla Turan

D
demokrat.az