Müsahibə

İrina Corbenadze: Azərbaycanın qələbəsi xarici qüvvələrin Cənubi Qafqaza təsirini azaltdı

İrina Corbenadze: Azərbaycanın qələbəsi xarici qüvvələrin Cənubi Qafqaza təsirini azaltdı

Gürcü siyasi şərhçi İrina Corbenadze Demokrat.az-ın suallarını cavablandırıb:

- Xanım Corbenadze, Ukrayna müharibəsi fonunda Rusiya həm postsovet məkanında, həm də geosiyasi səhnədə mövqelərini itirməkdə davam edir. Kənardan bu prosesi dayandırmaq mümkünsüz görünür. Necə düşünürsünüz, sizcə SSRİ kimi Rusiya da eyni aqibəti yaşayacaqmı?

- "Rusiyanın böyük geosiyasətdə mövqeyini itirməsi" fərziyyəsi ilə razı deyiləm. Rusiya dünyanın ən böyük nüvə və enerji gücü olduğuna görə bu barədə danışmaq hələ tezdir. Ukraynadakı müharibə əlbəttə ki, qlobal miqyasda təsirini artırmayıb, lakin onu kritik səviyyəyə də salmayıb. Bütövlükdə, Rusiyanın nüfuzu, o cümlədən onun əhəmiyyətli dərəcədə zəifləməsi kontekstində, əsasən Ukrayna müharibəsinin nəticəsindən asılı olacaq. Amma çətin ki, kimsə bu gün dəqiq proqnoz verə bilsin.

İrina Corbenadze: Azərbaycanın qələbəsi xarici qüvvələrin Cənubi Qafqaza təsirini azaltdı

Rusiyanın postsovet məkanında təsirinin zəifləməsinə gəlincə, bu, siyasi baxımdan açıq şəkildə görünür. Keçmiş sovet respublikaları ilə Rusiya arasında münasibətlər hazırda ilk növbədə praqmatik maraqlara, yəni ticarət-iqtisadi əlaqələrə, nəqliyyat-logistika, təhlükəsizlik, elmi-texniki və humanitar sahələrdə əməkdaşlığa əsaslanır. Və mən düşünmürəm ki, SSRİ-nin taleyi Rusiyanı təhdid edir. Ortamüddətli perspektivdə Avropa İttifaqında mərkəzdənqaçma proseslərinin baş vermə ehtimalı daha çoxdur və yeri gəlmişkən, əsasən Ukraynadakı hadisələrin hesabınadır.

- Ermənistanda son seçkilər müxtəlif cür qiymətləndirilir və təhlil edilir. Əksəriyyət Rusiyanın qəti şəkildə uduzduğuna və İrəvanın qərbyönümlülüyünün daha da möhkəmlənəcəyinə inanır. Sizcə, Moskva belə asanlıqla bölgəmizi tərk edəcəkmi?

- Ermənistanın dövlət kimi dəqiq xarici siyasət istiqaməti varmı? Mən belə bir istiqamət görmürəm. İrəvan daha çox mövcud siyasi şəraitə uyğun hərəkət edir, lakin bunu da kifayət qədər səriştəsiz şəkildə edir. O, hətta ən sadə diplomatik ardıcıllıqdan da məhrumdur. Bu isə ölkənin etibarlı beynəlxalq tərəfdaşa çevrilməsinə mane olur.

Rusiyanın bölgəmizi "sadəcə" tərk etməsinə gəlincə, o, "sadəcə" heç nə etmir. Amma təbii ki, o, açıq desək, müəyyən bir ölkədə və ya regionda öz maraqlarını yürütmək perspektivinin az olduğunu dərk etdikdə belə bir görüntü yarada bilər. Ona görə də mənə elə gəlir ki, Rusiya indi öz keçmiş "kiçik qardaşları" ilə münasibətlərində əvvəlkindən daha ölçülüb-biçilmiş yol tutur və onlarla konfrontasiyaya girməkdə qətiyyən maraqlı deyil.

- Rusiyasız Cənubi Qafqazı necə təsəvvür edirsiniz? Sizcə yaxşıya və ya pisə doğru, regionda nə dəyişəcək?

- Coğrafi şərait Rusiyanın Cənubi Qafqazdan çıxmasından danışmağa imkan vermir. Burada mümkün olan kənar qüvvələrin Cənubi Qafqaz regionuna təzyiq etməmək və onun daxili işlərinə qarışmamaq siyasətidir. Bu, əlbəttə ki, bir nemət olardı və artıq qismən əldə edilmişdir. Azərbaycan bunda öz suveren statusunu, müstəqilliyini, ərazi bütövlüyünü müdafiə edərək çox mühüm və həlledici rol oynayıb. Amma Gürcüstan üçün, məsələn, Rusiyanın "müstəqilliyini" tanıdığı və ərazisində hərbi bazalarını yerləşdirdiyi Abxaziya və Cənubi Osetiya problemi hələ də qalır. Rusiyanın Cənubi Qafqazdan "mən səni tanımıram, sən də məni tanımırsan" müstəvisində çıxması Moskva ilə ticarət-iqtisadi, nəqliyyat, humanitar və digər sahələrdə əlaqələri olan regiona heç bir fayda gətirməyəcək. Ən azı, bu, hər üç Cənubi Qafqaz respublikası və Rusiyanın özü üçün də qeyri-məhsuldar olardı.

Alparslan

D
demokrat.az