Sosial şəbəkələrdə son günlər “dondurma kababı” adı ilə yeni qida trendi yayılıb. Bu məhsulda dondurma şişə taxılaraq qızardılır və fərqli təqdimatla istehlakçılara təqdim olunur. Qısa zamanda maraq doğuran bu görüntülər həm də müzakirələrə səbəb olub, çünki ənənəvi olaraq soyuq halda yeyilən dondurmanın yüksək temperaturda emalı onun tərkibi və sağlamlığa təsiri ilə bağlı suallar yaradır.
Mövzu ilə bağlı qida eksperti Ağa Salamov Demokrat.az-a bildirib ki, kulinariya mövzusunda məsləhət verənlərin 90 faizi elmi əsaslardan uzaqdır:
"Elmi söhbət gedirsə, bu insanların çoxunun nəinki ali, hətta orta təhsili də zəifdir. Qida kimyası haqqında anlayışı olmayan adamlar qida ilə bağlı ciddi məsləhət verir.
İkincisi, bəzi şeflər və dırnaqarası aşpazlar sosial şəbəkələrdə müxtəlif “eksperimentlər” edirlər. Məsələn, gah dondurmanı qızardırlar, gah da manqalda bişirirlər. Amma bunun zərərli tərəflərini nəzərə almırlar. Sadəcə reklam və marketinq məqsədilə özlərini “high class”, yəni yüksək səviyyəli göstərməyə çalışırlar. Halbuki bu, yüksək səviyyə deyil, əksinə, riskli və yanlış yanaşmadır".
Ekspert deyib ki, bu cür məhsulları uşaqlar, hamilə qadınlar, yaşlılar, immun sistemi zəif olanlar və kimyaterapiya alan xəstələr də istifadə edir:
"Burada söhbət, əsasən, dondurma üzərində istifadə olunan vaflidən gedir. Yandırılma zamanı akrilamid əmələ gəlir və bu maddə xərçəng riskini artıra bilən birləşmələrdən sayılır. Bu isə insan sağlamlığı üçün zərərlidir.
Ona görə istehlakçıları bu cür zərərli reklamlara aldanmamağa çağırıram. İnsanlar baxmalıdır ki, bu məsləhəti verən şəxs kimdir, hansı təcrübəyə və biliyə malikdir, sağlam qida mövzusunda nə qədər səlahiyyətlidir. Hazırkı dövrdə kim daha çox qışqırırsa, kim daha sensasiyalı görüntülər paylaşırsa, elə bilinir ki, daha çox diqqət qazanacaq. Amma əslində düzgün marketinq sakit və keyfiyyətə əsaslanan yanaşmadır. Çünki yaxşı restoranın reklamı onun müştərisidir. Bir müştəri on nəfəri gətirə bilər. Buna görə də əsas olan keyfiyyətdir, şou deyil" , - deyə o qeyd edib.
Beləliklə, sosial şəbəkələrdə populyarlaşan dondurma kababı trendi vizual cəhətdən cəlbedici görünsə də, tərkibindəki kanserogen maddələr səbəbindən insan sağlamlığı üçün böyük təhlükə mənbəyinə çevrilir.


