Bakının Yasamal rayonunda 45 yaşlı kişi borc üstündə yaranan mübahisə zamanı tanışına xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Bakı şəhər sakini, 1981-ci il təvəllüdlü Məmməd əvvəllər tanıdığı Teymur ilə (adlar şərtidir – red.) mübahisə edib.
Mübahisə Teymurun borcunu qaytarması ilə bağlı Məmmədlə kobud danışması səbəbindən yaranıb. Aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranan mübahisə zamanı Məmməd sağ əli ilə zərərçəkmiş şəxsin üz nahiyəsinə qəsdən bir dəfə şillə zərbəsi vurub.
Faktla bağlı Məmmədin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Məmməd ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş ziyanın tam şəkildə ödənildiyini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını bildirib.
Yasamal Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə cinayət məsuliyyətindən azad edilib və barəsində olan cinayət təqibinə xitam verilib.


