Bakının Sabunçu rayonunda ər arvadına xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Sabunçu rayonunun Maştağa qəsəbəsi, Savalan yaşayış massivində baş verib. 1992-ci il təvəllüdlü Famil evlərinin qonaq otağında həyat yoldaşı Səidənin (adlar şərtidir – red.) onu təhqir etməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı qəsdən əli ilə onun üz nahiyəsinə bir dəfə zərbə vurub və ona müxtəlif dərəcəli xəsarətlər yetirib.
Faktla bağlı Familin barəsində Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən Famil ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Maştağa qəsəbəsi, Savalan yaşayış massivində ailəsi ilə birgə yaşayıb:
“Səidə ilə 2019-cu ildə ailə həyatı qurmuşam. Bu nikahdan bir azyaşlı övladımız olub. Əvvəllər daim yaxşı münasibətlərimiz olsa da, son illərdə münasibətlərimiz pozulub. Əsas səbəb isə qısqanclıq olub”.
Təqsirləndirilən şəxs deyib ki, məlum hadisə günü, axşam saatlarında Səidə atasının yanına xəstəxanaya gedib:
“Həmin vaxt telefonla danışarkən mübahisə etdik. Səidə mənim zəngimə cavab verməyəcəyini dedi. Bir qədər sonra ona zəng etdim. Zəngə cavab vermədi. Həmin tarixdə saat təxminən 22 radələrində evə gəldikdə ondan nəyə görə zəngimə cavab vermədiyini soruşdum. Evin qonaq otağında aramızda mübahisə yarandı. Mübahisə zamanı onu təhqir etdim. Səidə də cavab olaraq məni təhqir etdi. Bu zaman qəzəblənərək əlimlə bir dəfə onun üz nahiyəsinə zərbə vurdum. Bu vaxt Səidənin burnundan qan gəldi”.
İş üzrə zərərçəkmiş Səidənin sözlərinə görə, məlum hadisə günü, axşam saatlarında atasının yanına xəstəxanaya gedib:
“Həmin zaman Famil ilə telefonla danışarkən mübahisə etdik. Avtobusda olarkən dava edəcəyimiz təqdirdə vəziyyətimin pisləşəcəyini, evə çatdıqdan sonra danışmağı xahiş etdim, onun zənginə cavab verməyəcəyimi dedim. Bir qədər sonra Famil zəng etdi. Avtobusda pis vəziyyətə düşməmək üçün onun zənginə cavab vermədim. Həmin tarixdə, təxminən saat 22 radələrində evə gəldim. Evin qonaq otağında Famil mənimlə mübahisə yaradaraq nəyə görə zənginə cavab vermədiyimi soruşdu. Famil məni təhqir etdikdə cavab olaraq onu təhqir etdim. Bu zaman o, qəzəblənərək əli ilə bir dəfə üz nahiyəmə zərbə vurdu, burnumdan qan gəldi. Bununla da təxminən 2-3 dəqiqə davam edən mübahisə bitdi”.
Sabunçu Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tələblərinə əsasən təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib və barəsində olan cinayət təqibinə xitam verilib.


