Bu barədə Milli Məclisin deputatı Ceyhun Məmmədov Demokrat.az-a açıqlama verib.Bu məsələyə ən həssas, ciddi və prinsipial yanaşan dövlətlərdən biri də Azərbaycandır
O deyib ki, bu tədbirin keçirilməsi xüsusi önəm və əhəmiyyət daşıyır:
“Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, eləcə də Türk dövlətləri arasında elmi, mədəni və ideoloji əlaqələrin gücləndirilməsi baxımından bu cür təşəbbüslər olduqca vacibdir. Bu gün qarşımızda duran mühüm vəzifələrdən biri məhz həmin əlaqələrin daha da möhkəmləndirilməsi və inkişaf etdirilməsidir. Məlum olduğu kimi, bu məsələ ilə bağlı Prezidentin müvafiq sərəncamı imzalanıb. Bu məsələyə ən həssas, ciddi və prinsipial yanaşan dövlətlərdən biri də Azərbaycandır. Azərbaycan bu prosesə öz töhfələrini əsirgəmir. Bununla bağlı cənab Prezident dəfələrlə mühüm fikirlər səsləndirib. Bu baxımdan, bu gün Türk dövlətləri arasında inteqrasiyanın, birliyin və həmrəyliyin gücləndirilməsi xüsusi əhəmiyyət kəsb edir”.
O bildirib ki, Türk dünyasının elmi, mədəni və ideoloji birliyi baxımından bu tədbirin çox böyük əhəmiyyəti var:
“Bu cür platformalar Türk dövlətləri arasında əlaqə və münasibətlərin daha da inkişaf etməsinə, qarşılıqlı əməkdaşlığın güclənməsinə xidmət edəcək. Eyni zamanda, ortaq əlifbanın və ortaq dəyərlərin möhkəmləndirilməsi, müxtəlif sahələrdə tərəfdaşlığın genişləndirilməsi prosesinə də mühüm töhfə verəcək. Bu, strateji hədəf və məqsədlərə xidmət edən olduqca vacib tədbirdir və gələcəkdə bütün sahələr üzrə müsbət nəticələrini birmənalı şəkildə göstərəcək”.
Qeyd edək ki, iyunun 29-da Heydər Əliyev Mərkəzində Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılış mərasimi olub. Əvvəlcə Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva Prezident İlham Əliyevin Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin iştirakçılarına müraciətini səsləndirib. Qeyd edək ki, elm və mədəniyyətlə bağlı silsilə tədbirlərdən ibarət həftə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında” 22 oktyabr 2025-ci il tarixli Sərəncamına uyğun olaraq təşkil olunub. Birinci Türkoloji Qurultay ilk dəfə 1926-cı ildə Bakıda keçirilib. 100 il sonra keçirilməsi təşəbbüsü Prezident İlham Əliyev tərəfindən 2025-ci il oktyabrın 6–7-də Qəbələ şəhərində keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 12-ci Zirvə Görüşündə irəli sürülüb. “Türk Dünyası Həftəsi”nin açılış mərasimində Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan prezidentlərinin konqres iştirakçılarına müraciətləri oxunub.


