Azərbaycana idxal olunan Çin məhsullarının həcmi artmaqdadır. Xüsusilə aşağı qiymətə təklif olunan geyim, məişət əşyaları, elektronika və digər istehlak malları bazarda geniş yer tutur. Bəs Çindən gələn ucuz məhsullar yerli istehsalçıların və bizneslərin rəqabət imkanlarını məhdudlaşdırırmı?
Məsələ ilə bağlı iqtisadçı İlqar Hüseynli Demokrat.az-a bildirib ki, geyim və tekstil məhsulları böyük həcmdə Çindən gəlir:
"Çinin bizimlə rəqabətə girən hansısa məhsulu varmı ki, onun istehsal etdiyi istehlak malları Azərbaycanda da istehsal olunsun və bazarda ciddi rəqabət problemi yaratsın? Plastik materiallardan hazırlanmış gündəlik məişət əşyaları, avadanlıqlar, elektrik cihazları və saymaqla bitməyən çoxsaylı məhsullar, hətta avtomobil və digər nəqliyyat vasitələrinin detalları da əsasən Çindən idxal olunur. Bunların demək olar ki, heç biri Azərbaycanda istehsal edilmir".
Ekspert deyib ki, Azərbaycanda daxili istehsal əsasən ərzaq məhsulları ilə məhdudlaşır:
"Çindən ölkəyə böyük həcmdə ərzaq idxalı olmadığı üçün bu sahədə ciddi rəqabət problemi yaranmır. Bu baxımdan düşünürəm ki, mövcud vəziyyət hazırda ciddi təhlükə yaratmır. Ancaq gələcəkdə daxili istehsal gücləndirilərsə, məhsul çeşidləri artırılarsa və Çinlə eyni növ istehlak malları ölkədə istehsal olunarsa, Çin həmin məhsulları bazara daha ucuz qiymətlə çıxardığı üçün rəqabət baxımından müəyyən risklər yarana bilər", - deyə o qeyd edib.
Beləliklə, ucuz Çin mallarının ölkəyə kütləvi axını hazırda yerli biznesi müflis etmək gücündə deyil. Yəni, Azərbaycanda analoji istehlak malları istehsal olunmadığı üçün idxal edilən ucuz məhsullar yerli sahibkarlara zərbə vurmur, sadəcə vətəndaşların ucuz xidmət və mal tələbatını qarşılayır.


