Texnologiya Özəl

Rəqəmsal sərhədlərimiz virtual düşməndən necə qorunur?

Rəqəmsal sərhədlərimiz virtual düşməndən necə qorunur?

Rəqəmsallaşmanın sürətlənməsi ilə yanaşı, kiber təhdidlərin miqyası və mürəkkəbliyi də artır. Dövlət qurumları, strateji infrastruktur obyektləri, maliyyə sistemi və fərdi məlumat bazalarına yönələn kibercinayət halları göstərir ki, kiber təhlükəsizlik artıq təkcə texnoloji məsələ deyil, milli təhlükəsizliyin ayrılmaz tərkib hissəsinə çevrilib. Müasir dövrdə ölkələrin dayanıqlılığı yalnız fiziki sərhədlərin deyil, həm də rəqəmsal məkanın etibarlı qorunmasından asılıdır.

İnformasiya texnologiyaları üzrə mütəxəssis Fərid Əmirov Demokrat.az-a açıqlamasında deyib ki, müasir dövrdə dövlət qurumları, banklar, enerji, nəqliyyat və telekommunikasiya sistemləri rəqəmsal infrastrukturlardan asılı vəziyyətə gəlib:

“Bu səbəbdən kiberhücumlar artıq təkcə informasiya itkisi deyil, həm də kritik xidmətlərin fəaliyyətinin pozulması və milli təhlükəsizliyə təhdid kimi qiymətləndirilir. DDoS hücumları, zərərli proqram təminatları (malware), ransomware, məlumat sızmaları və kritik sistemlərə icazəsiz giriş cəhdləri dövlət və özəl sektor üçün əsas risklər sırasında yer alır. Xüsusilə SCADA, sənaye idarəetmə sistemləri və dövlət informasiya resurslarının təhlükəsizliyi strateji əhəmiyyət daşıyır”.

O bildirib ki, bu səbəbdən Azərbaycan kibertəhlükəsizliyin gücləndirilməsini dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən edib:

Rəqəmsal sərhədlərimiz virtual düşməndən necə qorunur?

“Təhlükəsizlik Əməliyyat Mərkəzlərinin inkişafı, kiberinsidentlərə operativ reaksiya mexanizmlərinin qurulması, kritik informasiya infrastrukturunun qorunması və kiberməlumatlılığın artırılması ölkənin rəqəmsal dayanıqlığının təmin edilməsində mühüm rol oynayır. Kiber təhlükəsizlik artıq yalnız İT mütəxəssislərinin deyil, dövlət qurumlarının, təşkilatların və hər bir istifadəçinin ortaq məsuliyyətidir. Güclü kibermüdafiə milli təhlükəsizliyin, iqtisadi sabitliyin və rəqəmsal suverenliyin qorunmasının əsas şərtlərindən biridir”.

Beləliklə, virtual dünyadakı kiber təhdidlərin artması rəqəmsal sərhədlərimizin də ən yüksək səviyyədə qorunmasını məcburi edir. Yəni güclü kibermüdafiə sistemlərinin qurulması təkcə məlumatları qorumur, həm də dövlətin suverenliyini və hər bir vətəndaşın təhlükəsizliyini virtual düşmənlərdən tam sığortalayır.

Leyla Turan

D
demokrat.az